Avropa Parlamentinin deputatı Aİ-nin Macarıstana maliyyə vəsaitini azaltmasını pisləyib
Budapeşt, 20 sentyabr, AZƏRTAC
Avropa Parlamentinin Macarıstanın “Fides” iqtidar partiyasından olan deputatı Tamaş Doyç Avropa İttifaqının (Aİ) ictimai fondlarından maliyyələşmənin ayrılmasını “ölkədə qanunun aliliyinə riayət olunması şərti ilə” əlaqələndirilməsi niyyətini pisləyib. Deputat bu atılan addımı “siyasi cəza” adlandırıb.
Bu barədə AZƏRTAC-ın xüsusi müxbirinə söhbət açan siyasətçi bununla özünün çərşənbə günü Strasburqda Avropa Parlamentinin iclasında ifadə etdiyi mövqeyini bir daha təkrarlayıb.
Doyç bildirib ki, Aİ-nin 2021-2027-ci illər üçün büdcəsi “qəbuledilməzdir”, çünki onun müəllifləri “ikili standartlar” tətbiq edirlər. Onun sözlərinə görə büdcə regional inkişaf və kənd təsərrüfatı subsidiyalarını əhəmiyyətli dərəcədə ixtisar edir. Avropa Parlamentinin deputatı əlavə edib ki, “Fides”in üzvü olduğu Avropa Xalq Partiyası onun 2020-ci ilin büdcəsində regional və aqrar inkişaf subsidiyalarının 6 milyard avro artırılmasına dair təklifinə dəstəyini bildirib. “Avropa icması üzv dövlətlərə artıq başa çatmış layihələrə sərf edilmiş xərcləri ödəməkdən ötrü lazımi maliyyələşməni təmin etməlidir. Macarıstanın kənd təsərrüfatı regionlarının bu vəsaitlərə “obyektiv meyarlar əsasında” hüquqları çatır. Aİ-nin heç bir təsisatı inkişaf fondlarını siyasi təzyiq göstərilmə vasitəsi kimi nəzərdən keçirməməlidir”, - deyə T.Doyç vurğulayıb.
Pərvanə Qarayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Budapeşt