Avropa Şurasının Baş katibi Cənubi Qafqazda sülhün bərpası prosesindən danışıb
Strasburq, 20 iyun, AZƏRTAC
Avropa Şurasının Cənubi Qafqazdakı proseslərə və Ermənistanla Azərbaycan arasında münasibətlərin normallaşmasına marağını nəzərə alaraq soruşmaq istərdim ki, Avropa Şurası Azərbaycanın Naxçıvan bölgəsi ilə əsas hissəsi arasında nəqliyyatın bərpası məsələsini nəzərdən keçirirmi?
Yarım milyon əhalisi olan Naxçıvan 30 ildən çoxdur ki, Ermənistan tərəfindən təcrid olunub. Naxçıvanı Azərbaycanla birləşdirən nəqliyyat infrastrukturu Ermənistan tərəfindən dağıdılıb. Bu məsələ 2020-ci il üçtərəfli Bəyanatda da nəzərdə tutulur. Lakin təəssüf ki, Ermənistan tərəfi bu məsələdən danışmır. Avropa Şurası tərəfindən bu vəziyyətlə bağlı hər hansı plan varmı?
AZƏRTAC xəbər verir ki, Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin üzvü Nigar Arpadarai Avropa Şurasının Baş katibi Mariya Peyçinoviç Buriçə məhz bu suallarla müraciət edib.
“Qafqaz regionunda sülhə necə nail olmaq məsələsi ilə bağlı deyə bilərəm ki, Avropa Şurası mühüm əhəmiyyət kəsb edən və tamamilə təşkilatın səlahiyyətlərinə aid olan etimadın möhkəmləndirilməsi tədbirləri təklif edib”.
O, sülh, Naxçıvana gedən yol və digər məsələlərlə bağlı deyib ki, hər iki tərəflə razılaşdırılmış nümayəndə heyəti hər iki ölkədə olub. Məqsəd Avropa Şurası və aidiyyəti ölkələrlə bağlı bütün müvafiq məsələləri nəzərdən keçirmək, eyni zamanda, Azərbaycan ilə Ermənistan arasında dialoqu gücləndirmək, sülhü bərpa etmək üçün yol tapmaqdır.
“Son vaxtlar görülən işlər haqqında fikir səsləndirildi. Mən yalnız daha geniş dialoq, daha çox qarşılıqlı dinləmə və açıq suallar üzərində birgə işi təşviq edə bilərəm. Hər iki ölkəyə səfər edən nümayəndə heyətləri də əsirlər, itkin düşmüş şəxslər, mina xəritələri və sual doğuran bütün digər məsələləri həll etmək üçün oradadır. İnanıram ki, sülhlə bağlı bu ümumi işi heç nə əvəz edə bilməz. Əsas və mühüm hissə iki ölkənin liderinin üzərinə düşür. Görüşlər keçirilir, amma bəzi məsələlər qalmaqdadır və bu məsələlər yeni deyil.
Xatırlayırsınız ki, hər iki ölkə keçmişdə Avropa Şurasına daxil olanda, mübahisə doğuran mühüm məsələlərin sülh yolu ilə həllini tapmağı öhdəsinə götürmüşdülər. Bunu ona görə xatırladıram ki, bu, həmişəkindən daha aktual olaraq qalır”,-deyən Mariya Peyçinoviç Buriç bildirib ki, sülhün bərpası əsasən hər iki dövlətin liderləri tərəfindən həll olunmalıdır.
Şəhla Ağalarova
AZƏRTAC-ın xüsusi müxbiri
Strasburq