Avstriya Kanslerinin sosial media hesablarındakı paylaşımları suallar doğurur
Vyana, 9 oktyabr, AZƏRTAC
Avstriyanın Federal Kansleri Sebastian Kurts şəxsi sosial media hesablarında Ermənistan və Azərbaycan arasındakı münaqişənin hazırkı vəziyyəti ilə bağlı paylaşımlar edib.
AZƏRTAC xəbər verir ki, S.Kurts “Facebook” və “Twitter” hesablarında paylaşdığı statuslarda döyüşlərə son qoyulmalı olduğunu yazıb. O, münaqişənin qızışmasından narahatlığını ifadə edərək onun hərb yolu ilə həllinin olmadığını və ATƏT Minsk qrupunun vasitəçiliyi ilə danışıqları dəstəklədiklərini vurğulayıb. Ermənistanın baş naziri ilə telefon danışığında sülh yolu ilə həllə ümid bəslədiklərini ifadə edən Federal Kansler Avstriyanın daim dialoq məkanı olduğunu və bu münaqişənin də dinc yolla həllinə töhfələrini verməyə hazır olduqlarını bildirib.
Federal Kanslerin paylaşımları, ilk növbədə, avstriyalılar tərəfindən tənqid atəşinə tutulub. Sosial şəbəkə istifadəçiləri hazırda ölkənin yetərincə problemləri olduğunu yazıb, onu, ilk növbədə, Avstriyadakı pandemiya böhranı və insanların qayğıları ilə məşğul olmağa çağırıblar. Bəzi istifadəçilər isə Federal Kansleri ucuz şou axtarmaqda günahlandırıblar.
Qeyd edək ki, Dağlıq Qarabağ münaqişəsinin mövcud olduğu 30 il ərzində ATƏT-in baş katibliyinin burada yerləşməsinə görə Vyana şəhəri danışıqlar prosesində onsuz da mühüm məkan olub. Bütün bu dövr ərzində Avstriya siyasətçiləri münaqişənin həllinə hansı töhfə verə biləcəkləri sualından yayınaraq, danışıqları Minsk qrupunun apardığını və onların həmsədrlərinin fəaliyyətini dəstəklədiklərini söyləməklə kifayətləniblər. Dörd il Xarici İşlər Nazirliyinə, üç ildən bəri isə hökumətə rəhbərlik edən S.Kurtsun son yeddi ildə tutduğu yüksək vəzifələr ona bu münaqişənin həlli istiqamətində addımlar atmaq üçün kifayət qədər imkanlar verib. Federal Kanslerin məhz indi hərəkətə keçməsi və yalnız münaqişə tərəflərindən biri ilə telefon danışığından sonra açıqlama verməsi onun missiyasının nədən ibarət olacağına dair bir sıra şübhə və suallar doğurur.
Elgün Niftəli
AZƏRTAC-ın xüsusi müxbiri
Vyana