Azadlıq uğrunda mübarizənin 20 Yanvar zirvəsi
Naxçıvan, 17 yanvar (AZƏRTAC). Naxçıvan Dövlət Texniki Kollecində 20 Yanvar faciəsinə həsr olunmuş “Azadlıq uğrunda mübarizənin 20 Yanvar zirvəsi” mövzusunda tədbir keçirilmişdir.
Kollecin direktoru Sevingül Canbaxşıyeva bildirmişdir ki, 20 Yanvar günü Azərbaycan xalqı özünün kimliyini, nəyə qadir olduğunu bir daha bütün dünyaya bəyan etdi. O ağır gündə ölkə rəhbəri xalqı taleyin ümidinə qoyub qaçdı. Moskvada isə ulu öndər Heydər Əliyev qətiyyət nümayiş etdirərək Azərbaycanın Daimi Nümayəndəliyinə gedib baş vermiş faciənin siyasi motivlərini açıqladı, hadisələri törədənləri qatil adlandıraraq onların tarix qarşısında gec-tez cavab verməli olacaqlarını bildirdi. Təsadüfi deyil ki, bu faciəyə ilk hüquqi-siyasi qiymət də ümummilli liderin Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri işlədiyi zaman verildi. Onun təşəbbüsü ilə Naxçıvan Muxtar Respublikası Ali Məclisi 20 Yanvarın milli matəm günü kimi qeyd olunması barədə qərar qəbul etdi. Bu qərarda ilk dəfə olaraq Qorbaçov hakimiyyəti rəsmi şəkildə cinayətkar adlandırıldı. Müdrik siyasətçi 20 Yanvar şəhidlərinin xatirəsini daim əziz tutmuş, onların xatirəsinin əbədiləşdirilməsi məqsədi ilə bir sıra sərəncamlar imzalamışdır.
Vurğulanmışdır ki, 20 Yanvar faciəsi və onun dəhşətli nəticələri xalqımızın qan yaddaşında tarix boyu yaşayacaqdır. Azərbaycan dövləti torpaq uğrunda, vətənin müstəqilliyi, azadlığı yolunda şəhid olanların xatirəsini həmişə əziz tutur. Prezident İlham Əliyev şəhid ailələrinin dövlət qayğısı ilə əhatə olunmasını daim diqqətdə saxlayır, onların ehtiyaclarının ödənilməsi, sosial qayğılarının həll olunması üçün müntəzəm qərarlar qəbul edir.
Sonra mövzu ətrafında çıxışlar olmuşdur.
Tələbələr vətənpərvərlik mövzusunda şeirlər söyləmişlər.