AZƏRBAYCAN ALİMİ KANADADA KEÇİRİLƏCƏK XIII BEYNƏLXALQ FOTOSİNTEZ KONQRESİNƏ HƏMSƏDRLİK EDƏCƏKDİR
Həmyerlimiz, həmçinin, avqustun 25-28-də Konqres çərçivəsində keçiriləcək “Fotosintez və Post-Genomik Era: Biofizikadan molekulyar biologiyaya kimi, II Fotosistemin tədqiqat istiqamətləri” mövzusunda beynəlxalq elmi konfransa həmsədrlik edəcəkdir. Konfransa hazırlıq işləri ona həvalə olunmuşdur.
Azərbaycan Milli Elmlər Akademiyası biologiya elmləri bölməsinin akademik katibi akademik Musa Musayev Azərbaycan elmini beynəlxalq aləmdə tanıdan, onun nüfuzunu yüksəldən, dünya miqyasında fotosintez sahəsində çox mühüm elmi araşdırmaları ilə şöhrət tapan həmyerlimiz haqqında AZƏRTAC-ın müxbirinə belə demişdir:
- Süleyman Allahverdiyev ixtisasca fizikdir. Elmi fəaliyyətə 1976-cı ildə Elmi Tədqiqat Əkinçilik İnstitutunda başlamış və akademik Cəlal Əliyevin rəhbərliyi altında elmdə ilk uğurlu addımlarını atmışdır. Sonralar SSRİ Elmlər Akademiyasının Torpaqşünaslıq və Fotosintez İnstitutunun aspiranturasını bitirərək Rusiya Elmlər Akademiyasının Bioloji Problemlərin Əsasları İnstitutunda elmi fəaliyyətini davam etdirmişdir. Müxtəlif illərdə İspaniya, Niderland, Kanada, ABŞ, Almaniya, Çexiya, Polşa, Türkiyə, Hindistan və başqa ölkələrdə elmi fəaliyyətlə məşğul olmuşdur. O, artıq 8 ildir ki, Yaponiyada çalışır. Fotosintez sahəsində sanballı elmi araşdırmaları ilə dünya elm aləmində şan-şöhrət qazanmış Norio Murat, Robert Karpentiyer kimi görkəmli alimlərlə birlikdə işləmiş, bir çox dəyərli elmi nəticələr əldə etmişdir. Onun tədqiqatlarının əhəmiyyəti barədə tanınmış elmi jurnallarda tez-tez məqalələr dərc edilir, populyar İnternet saytlarında məlumatlar yerləşdirilir.
Yeri gəlmişkən deyim ki, Azərbaycan elminin şöhrətini artıran tədqiqatçılar arasında akademik Cəlal Əliyevin yetirmələri çoxdur. Məsələn, ixtisasca riyaziyyatçı olan İlham Şahmuradov bioinformatika və molekulyar biologiya sahəsində yüksək ixtisaslı mütəxəssis kimi Böyük Britaniyanın aparıcı universitetlərindən birində işləyir. Aydın Muradov biotexnologiya sahəsində dünya şöhrəti qazanmışdır və hazırda Avstraliyada Biotexnologiya Elm Mərkəzinə rəhbərlik edir. Cəlal Əliyevin dünyanın inkişaf etmiş bir sıra ölkələrində elmi işə dəvət olunan yetirmələri ən iri elm mərkəzlərində çalışır, elmi dairələrdə Azərbaycanı ləyaqətlə təmsil edirlər.
Ümummilli liderimiz möhtərəm Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi ilk illərdən ölkəmizdə elmin digər sahələri kimi, biologiya elminin fundamental və tətbiqi əhəmiyyət kəsb edən sahələri yeni inkişaf dövrünə qədəm qoymuşdur. Akademik Cəlal Əliyev məhz o vaxt riyaziyyat, fizika, kimya və digər dəqiq və təbiət elmləri üzrə mütəxəssislərin biologiya və kənd təsərrüfatı elmlərinə cəlb olunması kimi cəsarətli və uzaqgörən elmi ideyanı irəli sürmüşdü. Ədalət naminə demək lazımdır ki, bu gün elmimizin belə şöhrətlənməsinin əsasını yaradan alim ötən əsrin 80-ci illərinin sonu, 90-cı illərinin əvvəllərində təqiblərə məruz qalmışdı. Həyat isə onun nə dərəcədə haqlı və uzaqgörən olduğunu bu gün tam aydınlığı ilə sübut edir.