AZƏRBAYCAN-ALMANİYA ƏMƏKDAŞLIĞININ PERSPEKTİVLƏRİ MÜZAKİRƏ EDİLMİŞDİR
Berlin, 31 mart (AZƏRTAC). Almaniyadakı Azərbaycanlıların Koordinasiya Mərkəzində (AAKM) “Alman-Azərbaycan Forumu və Almaniyadakı diaspor cəmiyyətlərinin birgə fəaliyyətinin gələcək perspektivləri” mövzusunda görüş keçirilmişdir.
AAKM-in icraçı direktoru Samira Patzer-İsmayılova tədbir iştirakçılarını salamlamışdır.
Azərbaycanın Almaniyadakı səfiri Pərviz Şahbazov giriş nitqində ölkələrimizin münasibətlərinin hazırkı durumu, əməkdaşlığın inkişaf etdirilməsi istiqamətində diaspor təşkilatlarının gördükləri işlərdən, onların fəaliyyətlərinin daha yüksək səviyyəyə qaldırılması üçün mövcud olan potensial imkanlardan söhbət açmışdır.
Alman-Azərbaycan Forumunun (AAF) sədri Otto Hauzer rəhbərlik etdiyi qurumun fəaliyyəti, ölkələrimiz arasında əməkdaşlığın daha da genişlənməsinə xidmət edən birgə layihələrin realaşdırılmasının vacibliyi, bu işdə diaspor təşkilatlarının üzərinə düşən vəzifələr haqqında danışmışdır.
Daha sonra görüşdə iştirak edən cəmiyyət sədrləri aktual mövzularla çıxış etmişlər. Bir sıra vacib suallar qarşılıqlı surətdə cavablandırılmış, əməkdaşlığı daha da inkişaf etdirmək üçün yeni ideya və təkliflər müzakirə edilmişdir.
Görüşdə AAKM-in fəxri prezidenti Bahattin Qaya, Azərbaycan-Alman Forumu sədrinin müavini professor Reza Talebi-Daryani, AAF-ın icraçı direktoru Pərviz Yazdani, Berlin-Bakı Rəsm Qalereyasının rəhbəri İbrahim Əhrari, rəssam Məsud Pənahi, Avropa Azərbaycanlıları Cəmiyyətinin direktoru Şahin Namati və digər rəsmi şəxslər iştirak etmişlər.
Tədbirin sonunda Azərbaycanlıların soyqırımı qurbanlarının xatirəsinin anılması məqsədi ilə silsilə tədbirlərin keçirilməsi qərara alınmışdır.
Vüqar Seyidov
AZƏRTAC-ın xüsusi müxbiri
Berlin