Azərbaycan-Bosniya və Herseqovina əməkdaşlığının yol xəritəsi müəyyən edilib – Şərh
Bakı, 14 aprel, AZƏRTAC
Azərbaycanın ərazi bütövlüyünü bərpa etdikdən sonra bütün istiqamətlər üzrə ikitərəfli və çoxtərəfli əlaqələrini və tərəfdaşlarının sıralarını genişləndirmək üçün daha dinamik siyasət yürütdüyünü aydın şəkildə müşahidə edə bilirik. Eyni zamanda, dünyanın fərqli bölgələrində yerləşən bir çox ölkələrdə diplomatik nümayəndəliklərin fəaliyyətə başlaması da bunun bariz nümunəsidir.
Bunu AZƏRTAC-a açıqlamasında politoloq, Bakı Dövlət Universitetinin Beynəlxalq münasibətlər və iqtisadiyyat fakültəsinin müəllimi Aytən Qurbanova söyləyib.
Politoloqun sözlərinə görə, bu nöqteyi-nəzərdən yanaşdıqda, Prezident İlham Əliyevin Bosniya və Herseqovinaya səfəri də kifayət qədər önəmli xarakter daşıyır. İlkin olaraq onu qeyd etmək lazımdır ki, Bosniya və Herseqovina hər zaman, xüsusilə də 44 günlük Vətən müharibəsi dövründən bu günədək qərəzsiz mövqe nümayiş etdirərək Azərbaycanın ərazi bütövlüyünə hörmət prinsipinə sadiq qalmaqla dost ölkə olduğunu sübut edib.

“Paralel olaraq Azərbaycan da öz növbəsində hər zaman ikitərəfli münasibətlərdə ərazi bütövlüyünə hörmət prinsipini prioritet kimi qəbul edib. Bu qarşılıqlı etimadın təbii nəticəsidir ki, artıq bizim Sarayevoda rəsmi diplomatik nümayəndəliyimiz fəaliyyət göstərir və yaxın günlərdə Bakıda da Bosniya və Herseqovinanın səfirliyinin açılması planlaşdırılır”, - deyə Aytən Qurbanova qeyd edib.
Politoloqun fikrincə, bütün bu amillər qarşılıqlı əlaqələrin strateji tərəfdaşlıq səviyyəsinə yüksəldilməsini təşviq edən önəmli amil kimi qiymətləndirilə bilər. Digər tərəfdən, səfər çərçivəsində aparılan müzakirələr və imzalanmış sənədlər onu deməyə əsas verir ki, artıq iki ölkə arasında siyasi, iqtisadi, mədəni və eyni zamanda, enerji təhlükəsizliyi sahələrində əməkdaşlığın yol xəritəsi müəyyən edilib.