AZƏRBAYCAN DAHA BİR TERROR ƏLEYHİNƏ SƏNƏDƏ QOŞULUR
Komissiyanın sədri, Milli Məclis sədrinin müavini Ziyafət Əsgərov AZƏRTAC-ın müxbirinə bildirmişdir ki, məlum 11 sentyabr terror hadisəsindən sonra Azərbaycan 10-a yaxın antiterror Konvensiyasına qoşulmuş, terrorla mübarizəyə dair qanun qəbul etmişdir. Bu cür sənədlərə qoşulmaqla ölkəmiz terrora qarşı barışmaz mövqedə durduğunu və sərt mübarizə apardığını bir daha sübut edir. Ölkəmiz 2002-ci il oktyabrın 7-də Kişinyov şəhərində MDB üzvü olan ölkələrin Dövlət və Hökumət Başçıları Şurasında imzalanmış bu sənədə qeyd-şərtlə qoşulur.
Qeyd-şərtdə deyilir: “Azərbaycan Respublikası “MDB-yə üzv dövlətlərin ərazilərində birgə antiterror tədbirlərinin təşkili və keçirmə qaydası haqqında” Əsasnamənin həyata keçirilməsində yalnız həmin tədbirlərin keçirildiyi dövlətlərin səlahiyyətli orqanlarının sorğularının analitik–informasiya və məsləhətləşmə təminatı çərçivəsində və yalnız Azərbaycan Respublikasının milli qanunvericiliyinə uyğun olaraq iştirak edə bilər”.
Müzakirələrin sonunda deputatlar layihənin Milli Məclisin müzakirəsinə çıxarılmasını tövsiyə etmişlər.