AZƏRBAYCAN DİASPORU FƏALİYYƏTİNİ GENİŞLƏNDİRİR
AZƏRTAC-ın müxbiri xəbər verir ki, Xarici Ölkələrdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimov Yeni Azərbaycan Partiyasının mərkəzi qərargahında keçirdiyi mətbuat konfransında Azərbaycan diasporunun formalaşması istiqamətində görülən işlər barədə məlumat vermiş, perspektiv planlardan danışmışdır. Bildirilmişdir ki, son bir ildə 19 xarici ölkədə 36 Azərbaycan cəmiyyəti yaradılmışdır. Bu iş həmin ölkələrin regionlarında da uğurla davam etdirilir. Komitənin strateji məqsədi xarici ölkələrdə azərbaycanlıların icma və birliklərinin yaradılmasını diqqətdə saxlamaqla bərabər, müxtəlif dövlətlərdəki diasporlarımızın vahid mərkəzdə birləşməsinə nail olmaq, fəaliyyətlərini əlaqələndirməkdir.
Ayrı-ayrı ölkələrdəki Azərbaycan icmalarının nəzdində 46 “Bazar günü” məktəbinin fəaliyyət göstərdiyini deyən natiq bildirdi ki, xaricdə təhsil alan azərbaycanlı tələbələrin birliklərinin yaradılması istiqamətində də xeyli iş görülmüşdür. Bundan başqa, ölkəmizdən kənarda azərbaycanlılara məxsus 32 mətbuat orqanı mövcuddur ki, onların da 4-ü radio, 1-i isə televiziya kanalıdır.
Azərbaycan diasporunun yaradılmasında ümummilli liderimiz Heydər Əliyevin fəaliyyətini yüksək qiymətləndirən komitə sədri dedi ki, Prezident İlham Əliyev bu işi daim diqqət mərkəzində saxlayır.
Azərbaycanın informasiya blokadasından çıxmasında diasporumuzun gördüyü işlər barədə məlumat verən natiq, bu yaxınlarda Moskvada keçirilən Ümumrusiya Azərbaycan Konqresinin II qurultayında Azərbaycan Prezidenti İlham Əliyevin və Rusiya Prezidenti Vladimir Putinin iştirakını tarixi hadisə kimi dəyərləndirərək əminliklə bildirdi ki, onun rəhbərlik etdiyi qurum bundan sonra da Azərbaycan-Rusiya münasibətlərinin inkişafında səylərini davam etdirəcəkdir.
Sonda jurnalistlərin sualları cavablandırılmışdır.