Azərbaycan dilinin bugünkü səviyyəyə çatmasında Ulu Öndərin böyük xidmətləri olub
Qax, 11 avqust, Mustafa Dadaşov, AZƏRTAC
Azərbaycan dili xalqımızın milli-mənəvi sərvəti, eyni zamanda, dövlət müstəqilliyimizin əsas amili, rəmzidir. Zəngin söz ehtiyatına, gözəl ahəngə malik olan Ana dilimiz ulu babalardan xalqımıza miras qalan ən qiymətli sərvətdir.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bu fikirlər “Heydər Əliyev İli” çərçivəsində avqustun 11-də Qax Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə keçirilən “Heydər Əliyev və Azərbaycan dili” mövzusunda dəyirmi masada səsləndirilib.
Yeni Azərbaycan Partiyası Qax rayon təşkilatının inzibati binasında keçirilən tədbirdə rayon icra hakimiyyətinin, hüquq-mühafizə orqanlarının rəhbər şəxsləri, idarə, müəssisə və təşkilatların nümayəndələri, ziyalılar iştirak ediblər.
Dəyirmi masanı Qax Rayon İcra Hakimiyyətinin başçısı Musa Şəkiliyev açaraq, Azərbaycan dilinin bugünkü səviyyəyə çatmasında, dövlət dili kimi işlədilməsində, dünya dilləri arasında öz layiqli yerini tutmasında Ümummilli Lider Heydər Əliyevin tarixi xidmətlərindən bəhs edib.
Ulu Öndərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Dəyirmi masada rayon icra hakimiyyəti başçısının müavini - İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Vəfa Heydərovanın “Heydər Əliyev və Azərbaycan dili” mövzusunda məruzəsi dinlənilib. Bildirilib ki, Ana dilimiz dövlət rəmzlərimiz olan himn, gerb, bayraq kimi müqəddəsdir. Müstəqil dövlətin müqəddəs atributlarına hörmətlə yanaşmaq hamının borcudur. Xüsusilə, Azərbaycan dilinə qayğıkeşlik göstərməkdə ziyalıların, ədəbiyyatçıların, yazıçıların, dilçilərin üzərinə böyük məsuliyyət düşür. Onlar Azərbaycan dilinin tətbiqi işinin təkmilləşdirilməsinə, inkişaf etməsinə, lüğət tərkibinin zənginləşməsinə qayğı göstərməlidirlər.
Qeyd olunub ki, hələ sovetlər dönəmində ziyalılarımız, şair və yazıçılarımız Azərbaycan dilinin saflığı uğrunda qətiyyətlə mübarizə aparırdılar. Lüğət tərkibinin məna çalarlarının zənginliyinə görə dünyanın ən mədəni xalqlarının dil səviyyəsinə yüksəlmiş Ana dilimizin mühafizəsi ilə əlaqədar milli ruhlu ziyalılarımız əllərindən gələni əsirgəməyiblər. Vurğulanıb ki, Ümummilli Lider Heydər Əliyev hələ sovet dövründə quruluşun müəyyən təzyiqlərinə, diktələrinə baxmayaraq, Azərbaycan dilinin ölkəmizdə dövlət dilinə çevrilməsi üçün böyük xidmətlər göstərib.
Çıxış edənlər Azərbaycan dilinin dünya dilləri arasında öz layiqli yerini tutmasında Ümummilli Liderin tarixi xidmətlərini xüsusi vurğulayıblar. Qeyd olunub ki, hazırda bu siyasi xətt Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir, Azərbaycan dilinin geniş təbliğ olunması istiqamətində məqsədyönlü tədbirlər həyata keçirilir.