ELM VƏ TƏHSİL
Azərbaycan Dillər Universiteti dünyanı erməni terroru haqqında məlumatlandırır
![Azərbaycan Dillər Universiteti dünyanı erməni terroru haqqında məlumatlandırır](/files/2020/3/1200x630/16022424845579512062_1200x630.jpg)
Bakı, 9 oktyabr, AZƏRTAC
Azərbaycan Dillər Universiteti (ADU) Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi ilə birgə özünün beynəlxalq əlaqələrindən, müəllimlərinin imkanlarından istifadə edərək, Ermənistanın Azərbaycana qarşı həyata keçirdiyi işğalçılıq siyasəti, erməni silahlı birləşmələrinin mülki vətəndaşlarımıza qarşı törətdiyi terror əməlləri haqqında dövlət başçılarına, müxtəlif beynəlxalq təşkilatlara məktublar ünvanlayıb.
Universitetin İctimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, məktublar ADU-nun 20-yə yaxın dil və mədəniyyət mərkəzinin, eləcə də xarici dilləri tədris edən müəllimlərinin adından Fransa prezidenti Emmanuel Makrona, İsveç kralı Karl XVI Qustava, Norveç kralı V Heralda, Danimarka Kraliçası II Marqaretə, BMT-nin Baş katibi Antonio Quterreşə, İsrailin ölkəmizdəki səfiri Corc Dikə, ABŞ Dövlət Departamentinə, müxtəlif ölkələrin Azərbaycandakı səfirliklərinə, diplomatik korpusun təmsilçilərinə, universitetlərə, o cümlədən Norveçin “VG” nəşrinə, Fransanın “Le mond” və “Le Figaro” qəzetlərinə, Beynəlxalq Frankofoniya Təşkilatına, Çinin Beynəlxalq Ölkələrlə Dostluq Cəmiyyətinə, “Çin gəncləri” qəzetinə və s. göndərilib.
Məktublarda qeyd olunub ki, 30 ilə yaxındır Azərbaycan dövləti öz tarixi torpaqları uğrunda erməni işğalçıları ilə mübarizə aparır. Torpaqlarımızın 20 faizi işğal olunub, bir milyondan artıq insan öz tarixi yurdlarından didərgin düşüb. 1994-cü ildən Ermənistanla Azərbaycan arasında atəşkəs haqqında sazişin bağlanmasına baxmayaraq, Ermənistan tərəfi mütəmadi olaraq bu rejimi pozur, sentyabrın 27-dən isə növbəti hərbi təxribata əl atıb. Buna cavab olaraq Azərbaycan Ordusu əks-hücum əməliyyatına başlayıb.
Ermənistan silahlı qüvvələri beynəlxalq hüququn norma və prinsiplərini, 1949-cu il Cenevrə Konvensiyasını və onun əlavə protokollarını, BMT Təhlükəsizlik Şurasının qətnamələrini kobud şəkildə pozaraq, qəsdən Azərbaycanın mülki əhalisini hədəfə alır, hərbi əməliyyatların getdiyi ərazidən uzaqda yerləşən Azərbaycan şəhərlərini və əhalinin sıx məskunlaşdığı yerləri mütəmadi atəşə tutur. Azərbaycan Respublikasının Ermənistanla sərhəddə, həmçinin sərhədə yaxın olmayan Gəncə və Mingəçevir şəhərlərində, Tərtər, Goranboy, Naftalan, Qazax, Bərdə və digər rayonlarında mülki əhaliyə, xüsusilə yaşlı insanlara, körpə uşaqlara, qadınlara qarşı odlu silahlardan istifadə olunur.
Məktub müəllifləri ümidvar olduqlarını bildiriblər ki, bir sıra beynəlxalq təşkilatlar Azərbaycanın ərazi bütövlüyünü tanıyan beynəlxalq hüquqa və BMT Təhlükəsizlik Şurasının qətnamələrinə hörmətlə yanaşacaq, Azərbaycanın haqq səsinin dünyaya çatdırılmasında fəal və ədalətli mövqe göstərəcəklər.