AZƏRBAYCAN DİPLOMATI ETİMADNAMƏLƏRİNİ İTALİYA PREZİDENTİNƏ TƏQDİM ETMİŞDİR
Azərbaycanın Xarici İşlər Nazirliyindən AZƏRTAC-a bildirmişlər ki, Prezident Çiampi Azərbaycan diplomatını salamlayaraq, etimadnamələri qəbul etmiş və bu vəzifədə ona uğurlar arzulamışdır.
Sonra Prezident Çiampi Elmar Məmmədyarovla təkbətək söhbət etmişdir. Söhbətin əvvəlində Prezident Çiampi Prezident Heydər Əliyevin vəfatından kədərləndiyini bildirərək, Azərbaycanın ümummilli liderini dünyanın ən nüfuzlu siyasi xadimlərindən biri kimi tanıdığını və İtaliya ilə Azərbaycan arasında münasibətlərin qurulmasında və inkişaf etdirilməsində onun xüsusi rolunu diqqətə çatdırmışdır. Prezident Çiampi Prezident Heydər Əliyevin vəfatı ilə bağlı ölkəmizin başçısı İlham Əliyevə başsağlığını çatdırmağı xahiş edərək onun kədərinə şərik olduğunu bildirmişdir.
Prezident Çiampi əmin olduğunu bildirmişdir ki, Azərbaycanda iqtisadi inkişaf və firavanlıq üçün möhkəm təməl yaradılmışdır və Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli bu inkişafı daha da sürətləndirəcəkdir. Prezident Çiampi İtaliya-Azərbaycan münasibətlərinin dərinləşdirilməsi və yüksək səviyyəyə qaldırılmasında çox maraqlı olduğunu vurğulayaraq bu prosesdə İtaliya tərəfinin daha da fəal iştirak edəcəyini diqqətə çatdırmışdır.
Səfir Elmar Mənmmədyarov Prezident Heydər Əliyevin vəfatı ilə bağlı verdiyi başsağlığına görə, Prezident Çiampiyə təşəkkürünü bildirmişdir. Azərbaycan diplomatı bildirmişdir ki, Prezident Heydər Əliyevin siyasəti sayəsində Azərbaycan Avropa institutlarına inteqrasiya istiqamətində uğurlu addımlar atmışdır və bu siyasətin nəticəsi olaraq Avropa evinin bir hissəsinə çevrilən Azərbaycanda təhlükəsizliyin təmin olunması və Ermənistan-Azərbaycan münaqişəsinin nizama salınması Avropanın ümumi təhlükəsizliyi üçün böyük əhəmiyyət kəsb edir. Bu səbəbdən də Azərbaycan diplomatı İtaliyanın Ermənistan-Azərbaycan münaqişəsinin sülh yolu ilə nizamlanması üçün fəaliyyətinə toxundu və bu istiqamətdə İtaliya tərəfinin təkliflərinin heç bir nəticə vermədiyini təəssüflə qeyd edərək, münaqişənin hələ də regional əməkdaşlıq və inkişafa ciddi əngəl olduğunu vurğulamışdır.
Azərbaycan diplomatı respublikamızla İtaliya arasında ikitərəfli iqtisadi əməkdaşlığa dair məsələlərə toxunaraq, İtaliya şirkətlərinin Azərbaycanın enerji sektorundakı fəaliyyətini qeyd etmiş və Prezident Çiampinin bu mövzuya dair sualına cavab olaraq Xəzər regionundakı enerji layihələri və bu layihələrdə Azərbaycanın əhəmiyyəti, xüsusilə də Bakı-Tbilisi-Ceyhan əsas ixrac boru kəməri layihəsi barədə məlumat vermişdir. Həmçinin səfir bildirmişdir ki, Azərbaycanda son illər həyata keçirilmiş əsaslı islahatlar bütün sahələrə, xüsusilə də qeyri-neft sektoruna sərmayələrin qoyulması üçün əlverişli şərait yaratmışdır və ümid edirik ki, bu imkanlar İtaliya şirkətinin Azərbaycana marağının artmasına və nəticədə Azərbaycan və İtaliya arasında iqtisadi əlaqələrin daha da genişləndirilməsinə və dərinləşdirilməsinə böyük perspektivlər açacaqdır.
Fürsətdən istifadə edən səfir Prezident Çiampiyə Azərbaycan Prezidenti İlham Əliyevin məktubunu çatdırmışdır. Məktubla yaxından tanış olandan sonra Prezident Çiampi Prezident İlham Əliyevin onu Azərbaycana rəsmi səfərə dəvət etməsinə xüsusi toxunaraq, bu dəvətə görə ölkəmizin rəhbərinə təşəkkür etmiş və imkan daxilində bu səfərin həyata keçirilməsinə çalışacağını vurğulamışdır.