Azərbaycan Dövlət Akademik Filarmoniyasında “Vətən uzaqda deyil” adlı konsert təşkil olunub
Bakı, 25 may, AZƏRTAC
Mayın 25-də Müslüm Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasında “Vətən uzaqda deyil” adlı konsert təşkil olunub.
AZƏRTAC xəbər verir ki, Diasporla İş üzrə Dövlət Komitəsinin və Azərbaycan Diasporuna Dəstək Fondunun təşəbbüsü ilə keçirilən konsert ulu öndər Heydər Əliyevin anadan olmasının 96-cı ildönümünə və 28 May - Respublika Gününə həsr edilib.
Əvvəlcə çıxış edən Diasporla İş üzrə Dövlət Komitəsi sədrinin birinci müavini Valeh Hacıyev ölkəmizdə mədəniyyət və incəsənət xadimlərinə göstərilən diqqət və qayğıdan bəhs edib. O, həmçinin ölkəmizin hüdudlarından kənarda yaşayan və Azərbaycan musiqisini təbliğ edən bütün incəsənət adamlarına təşəkkür edib.
Sonra tədbir konsert proqramı ilə davam edib. Konsertdə Sergey Rahmaninovun, Səid Rüstəmovun, Rauf Hacıyevin, Abuzər Manafzadənin bəstələrindən ibarət musiqi əsərləri səslənib.