AZƏRBAYCAN DRES KOLLEKTİVİNİN ARZUSU
Bu sözlər üç min nəfərin çalışdığı kollektivin Azərbaycan DRES-ə Prezidentimiz Heydər Əliyevin adının verilməsi barədə ölkə rəhbəri İlham Əliyevə və Milli Məclisə göndərdikləri müraciətdə qeyd olunmuşdur. Müraciətdə daha sonra deyilir:
“Heydər Əliyev 1981-ci il oktyabrın 20-də stansiyanın birinci enerji blokunun təntənəli açılış mərasimində qonşu respublikaların rəhbərləri ilə birlikdə iştirak etmiş, stansiyanı şəxsən özü işə salmışdır. Hazırda müəssisədə tam gücü ilə işləyən 8 enerji blokunun hamısı Heydər Əliyevin Azərbaycana rəhbərliyi dövründə tikilmişdir. Ölkəmizdə böyük rəhbərin adını daşıyan, onun şərəfli ömür yolunu əks etdirən ən zəngin muzeylərdən biri stansiyada fəaliyyət göstərir”.
Müraciətdə xüsusi vurğulanır ki, stansiyanın kollektivi Azərbaycan Prezidenti İlham Əliyevin respublika Nazirlər Kabinetinin iclasındakı nitqindən irəli gələn vəzifələrin həyata keçirilməsi, ölkəmizin elektrik enerjisi ilə fasiləsiz təminatı üçün bütün imkanlardan səmərəli istifadə edir və dövlət başçımızı əmin edirik ki, Azərbaycan DRES Heydər Əliyevin möhtəşəm adının şərəf və şöhrətini fəxrlə daşımağa layiqincə hazırdır.