Azərbaycan ərazisində seysmotomoqrafiya işlərinin aparılmasına başlanılıb
Bakı, 31 may, AZƏRTAC
Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin əməkdaşları və amerikalı seysmoloqların iştirakı ilə "Böyük və Kiçik Qafqazın strukturu və üstəgəlməsi proqramı" çərçivəsində seysmotomoqrafiya işlərinin aparılmasına başlanılıb.
Mərkəzin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, artıq Neftçala, Hacıqabul, Qusar, Göyçay rayonlarında müvəqqəti seysmik stansiyalar quraşdırılıb.
RSXM-in baş direktoru, AMEA-nın müxbir üzvü Q.Yetirmişli və mərkəzin əməkdaşları ilə yanaşı, amerikalı mütəxəssislər - ABŞ-ın Missuri Universitetinin professoru Sandvol Eric Alan və həmin institutun əməkdaşı Gunnels Maykl James də stansiyaların quraşdırılması işlərində iştirak ediblər.