AZƏRBAYCAN HƏRBÇİLƏRİNİN FƏALİYYƏTİ NATO-NUN BAŞ KATİBİ TƏRƏFİNDƏN YÜKSƏK QİYMƏTLƏNDİRİLMİŞDİR
Azərbaycanın NATO yanında nümayəndəliyindən AZƏRTAC-a bildirmişlər ki, qarşılıqlı anlaşma və səmimilik şəraitində keçən görüşdə NATO-nun İstanbul Sammiti ərəfəsində Azərbaycan Respublikasının “Sülh naminə tərəfdaşlıq” Proqramı çərçivəsində Şimali Atlantika Alyansı ilə dərinləşən və dinamik surətdə inkişaf edən əməkdaşlığının cari vəziyyəti və inkişaf perspektivləri ətrafında müzakirə və fikir mübadiləsi aparılmışdır.
NATO-nun baş katibi tərəfindən Azərbaycanın NATO-nun “Sülh naminə tərəfdaşlıq” Proqramı çərçivəsində fəal və vacib önəm daşıyan tərəfdaş dövlət olduğu xüsusi vurğulanmış, ölkəmizin hərbçilərinin Alyansın rəhbərliyi altında Kosovo və Əfqanıstanda sülhməramlı qüvvələr tərkibində iştirakı yüksək qiymətləndirilmişdir.
Səfir Mirhəmzə Əfəndiyev respublikamızın bütün sahələrdə NATO ilə əməkdaşlığı dərinləşdirməyə böyük əhəmiyyət verdiyini bir daha nəzərə çarpdıraraq, “Fərdi tərəfdaşlıq üzrə əməliyyat planı” çərçivəsində Azərbaycan Respublikasının NATO ilə əməkdaşlığın yeni inkişaf mərhələsinə qədəm qoyacağını söyləmişdir.
Görüş əsnasında qarşıdan gələn İstanbul Sammitində “Sülh naminə tərəfdaşlıq” Proqramının daha da genişləndirilməsi, NATO-nun Cənubi Qafqaz regionunda gələcək rolu, NATO-ya üzv və tərəfdaş dövlətlərlə praktiki əməkdaşlığın inkişaf etdirilməsi məsələləri müzakirə olunmuş və bu xüsusda Azərbaycanın rəyi və təklifləri NATO rəhbərliyinin nəzərinə çatdırılmışdır.