Azərbaycan idmançıları Dünya Döyüş Növləri Oyunlarında beş qızıl medal qazanıblar
Bakı, 23 may, AZƏRTAC
Batumidə Dünya Döyüş Növləri Oyunlarına yekun vurulub.
AZƏRTAC xəbər verir ki, Azərbaycanın kempo döyüş növləri üzrə komandası yarışda 5 medal qazanıb.
İyirmi səkkiz ölkədən idmançıların iştirak etdiyi turnirdə Toğrul İbrahimli (55 kq, MMA), Cavid Allahverdiyev (61 kq, MMA), Xəyal Məmmədzadə (75 kq, qrapplinq), Ülvi Sadıqzadə (80 kq, qrapplinq) və Orxan Əlizadə (open, qrapplinq) bütün rəqiblərinə qalib gələrək fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar və komanda hesabında 3-cü yerə sahib olublar.
Mötəbər turnirdə komandamıza Beynəlxalq Kempo Federasiyasının ölkəmizdəki səlahiyyətli nümayəndəsi, Azərbaycan Kempo Təşkilatının rəhbəri Rauf İbrahimov başçılıq edib.