Azərbaycan İlahiyyat İnstitutunda seminar: Zahirilik və şüarçılığın ictimai fəsadları
Bakı, 26 noyabr, AZƏRTAC
Azərbaycan İlahiyyat İnstitutunda (Aİİ) Tələbə Elmi Cəmiyyətinin təşkilatçılığı ilə “Zahirilik və şüarçılığın ictimai fəsadları” mövzusunda seminar keçirilib.
Bu barədə AZƏRTAC-a institutdan məlumat verilib. Bildirilib ki, tədbir AMEA-nın akademik Z.Bünyadov adına Şərqşünaslıq İnstitutunun şöbə müdiri, Aİİ-nin dosenti Məmmədəli Babaşlının moderatorluğu ilə reallaşdırılıb.
Seminarda Aİİ-nin İlahiyyat fakültəsinin IV kurs tələbəsi Fərid Qasımzadə “Zahirilik və şüarçılığın ictimai fəsadları” mövzusunda çıxış edib. Mövzu ilə bağlı məlumat verən məruzəçi təlqin, təbliğ və təmsilçilik, nəfslə mübarizə ətrafında fikirlərini bölüşüb. Bildirilib ki, cəmiyyəti bölən deyil, birləşdirən, dediklərini həqiqətən yaşayan, zahirilikdən və şüarçılıqdan uzaq olanlara ehtiyacımız var. Məruzəçi dinin cəmiyyətə təsirlərinin dini düzgün şəkildə yaşayanlardan asılı olduğunu qeyd edib.
“Əgər şüarçılıqdan və zahirilikdən uzaqlaşa bilsək, cəmiyyətimizdə dinə qarşı olan tənqidləri aradan qaldıra bilərik. Bunun üçün doğru təhsil, düşünmək və cəmiyyətlə bir olmaq lazımdır”, - deyə F.Qasımzadə bildirib.
Aİİ-nin rektoru Aqil Şirinov mövzunun əhəmiyyətini vurğulayıb. Rektor dinin mahiyyətinin birləşdiricilik, xeyrə sövq etmək, pis əməllərdən uzaqlaşdırmaq, insanı xoşbəxtliyə aparmaq və s. olduğunu qeyd edib. Zahirilik və şüarçılığın vurduğu zərərləri aradan qaldırmağın yolunun dinin mahiyyətini anlayıb, təbliğ etmək olduğunu söyləyib.