Azərbaycan ilə Birləşmiş Ərəb Əmirlikləri arasında əlaqələrin inkişafı məmnunluq doğurur
Bakı, 10 aprel, AZƏRTAC
Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov diplomatik fəaliyyətinin başa çatması ilə əlaqədar Birləşmiş Ərəb Əmirliklərinin ölkəmizdəki səfiri Səlim Əl-Ğafli ilə görüşüb.
Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, görüşdə iki ölkə arasında əlaqələrin inkişafından məmnunluq ifadə olunub. Birləşmiş Ərəb Əmirliklərinin yüksək səviyyəli nümayəndə heyətlərinin Azərbaycana son səfərlərinin ikitərəfli əməkdaşlığa mühüm töhfə verdiyi qeyd olunub.
Səfir Səlim Əl-Ğafli diplomatik fəaliyyətinin uğurla həyata keçirilməsi üçün göstərilən dəstəyə görə təşəkkür edib.
Elmar Məmmədyarov səfirə gələcək diplomatik fəaliyyətində uğurlar arzu edib.