Azərbaycan ilə İtaliyanın Peruca şəhəri arasında əməkdaşlıq imkanları müzakirə olunub
Peruca, 10 aprel, AZƏRTAC
Azərbaycanın İtaliyadakı səfiri Vaqif Sadıqov bu ölkənin Peruca şəhərinə işgüzar səfəri çərçivəsində mer Andrea Romitsi ilə görüşüb.
Peruca Universitetinin və Xaricilər üçün Universitetin rəhbərliyinin və professorlarının iştirak etdiyi görüşdə səfir Azərbaycan ilə İtaliya arasında mövcud siyasi və iqtisadi əlaqələrin vəziyyəti, regionlar arasında münasibətlərin qurulması və inkişaf etdirilməsinin əhəmiyyətindən danışıb. Peruca ilə ölkəmiz arasında əməkdaşlığın yeni imkanlar aça biləcəyini deyən V.Sadıqov qarşılıqlı səfərlərin əhəmiyyətli olacağını vurğulayıb.
Səfir, həmçinin təhsil sahəsinin İtaliya ilə Azərbaycan arasında münasibətlərdə mühüm rol oynadığını qeyd edib. Bildirib ki, İtaliyada azərbaycanlı tələbələrin sayı getdikcə artır və hazırda bu ölkənin müxtəlif regionlarında 260 tələbimiz təhsil alır.
Peruca şəhərinin nailiyyətləri barədə məlumat verən mer A.Romitsi Azərbaycan ilə Peruca arasında mədəniyyət, iqtisadiyyat və maliyyə sahələrində əməkdaşlığın hər iki ölkə üçün səmərəli ola biləcəyini söyləyib.
Görüşdə, həmçinin Peruca Universitetinin prorektoru Elena Stanqellini və Xaricilər üçün Universitetin professorları ilə təhsil sahəsində əməkdaşlıq məsələləri barədə fikir mübadiləsi aparılıb.
Səfər çərçivəsində V.Sadıqov Peruca Ticarət Palatasında iş adamları ilə görüşərək Azərbaycanın iqtisadiyyatı və ölkəmizdə biznes mühiti, investisiya imkanları barədə geniş məlumat verib. Azərbaycan iqtisadiyyatının nailiyyətləri, İtaliya ilə münasibətlərin hazırkı vəziyyəti, əlaqələrin inkişaf etdirilməsinin perspektivləri haqqında danışan səfir ölkəmizdə mövcud biznes mühiti, hökumətin xarici investorlar üçün yaratdığı imkanlardan bəhs edib.
Görüşdə İtaliya-Azərbaycan Ticarət İnstitutunun rəhbəri Manuella Traldi Azərbaycanda xarici şirkətlər üçün yaradılan əlverişli mühitdən və hazırda ölkəmizdə fəaliyyət göstərən İtaliya şirkətlərinin təcrübəsindən danışıb.
Sonda italiyalı iş adamlarını maraqlandıran suallar cavablandırılıb.
Səfər çərçivəsində V.Sadıqov Təamlar Universitetinin prezidenti Annarita Fioroni ilə də görüşüb və bu təhsil ocağının fəaliyyəti ilə tanış olub.
Söhbət zamanı universitetin Azərbaycanda müvafiq sahədə fəaliyyət göstərən qurumlarla potensial əməkdaşlıq əlaqələri müzakirə edilib.
İtaliyanın incəsənət sahəsində tanınmış təhsil müəssisələrindən olan Təsviri İncəsənət Akademiyasının direktoru Paolo Belardi ilə keçirilmiş görüşdə incəsənət və təhsil sahələrində birgə tədbirlərin təşkili istiqamətində real addımların atılması barədə fikir mübadiləsi aparılıb.
Maqsud Dadaşov
AZƏRTAC-ın xüsusi müxbiri
Peruca