SİYASƏT
Azərbaycan ilə Qazaxıstan arasında əlaqələr qarşılıqlı inam və dostluq üzərində qurulub
Astana, 30 noyabr, AZƏRTAC
Astanadakı Azərbaycan Mədəniyyət Mərkəzləri İttifaqının (AMMİ) təşkilatçılığı ilə Qazaxıstanda “Birinci Prezident Günü” münasibətilə tədbir keçirilib.
Tədbirdə Azərbaycanın Astanadakı səfirliyinin əməkdaşları, ölkə parlamentinin deputatları, Qazaxıstan-Azərbaycan Dostluq və Mədəniyyət Assosiasiyasının, qeyri-hökumət təşkilatlarının nümayəndələri, Azərbaycan diasporunun fəalları, jurnalistlər iştirak ediblər.
AMMİ-nin sədri Vidadi Salahov Qazaxıstan Respublikasının ilk Prezidenti, müstəqil dövlətin banisi olan Nursultan Nazarbayevi qazax xalqının Elbası - (millət lideri) adlandırdığını vurğulayıb. O, Prezident Nursultan Nazarbayevin Qazaxıstanın inkişafında misilsiz xidmətlərindən danışıb.
Qazaxıstan parlamentinin deputatları Asima Bimendina, Zoxra Sayapova və digərləri çıxışlarında ilk Prezidentin rəhbərliyi ilə ölkə həyatının bütün sahələrində böyük nailiyyətlərin əldə edildiyini vurğulayıblar. Deputatlar Qazaxıstanın nüvə silahından könüllü imtina edən ilk ölkə kimi digərlərinə nümunə olduğunu bildiriblər.
Bu ölkədə yaşayan həmyerlimiz Səyyaf İsmayılov Prezident Nursultan Nazarbayevin Qazaxıstan ilə Azərbaycan arasında əlaqələrin inkişafında xidmətlərindən danışıb. Qeyd olunub ki, ölkələrimiz arasındakı münasibətlər qarşılıqlı inam və dostluq üzərində qurulub. Ortaq tarixi və mədəni köklərə əsaslanan əlaqələrimiz bu gün də sürətlə inkişaf edir.
Sonra Qazaxıstanın xalq rəqsləri ifa edilib.
Qazaxıstanda 2012-ci il dekabrın 1-dən “Birinci Prezident Günü”nün genişmiqyaslı tədbirlərlə qeyd edilməsi ənənəyə çevrilib. Bu əlamətdar gündə idman yarışları və konsert proqramları ilə yanaşı, müxtəlif sosial layihələr də həyata keçirilir.
İlahə Əhmədova
AZƏRTAC-ın xüsusi müxbiri
Astana