Azərbaycan ilə Serbiya arasında parlamentlərarası əməkdaşlığın perspektivləri müzakirə olunub
Bakı, 11 dekabr, Aidə Quluzadə, AZƏRTAC
Dekabrın 11-də Azərbaycan Respublikası Milli Məclisinin sədri Oqtay Əsədov ölkəmizdə səfərdə olan Serbiya Respublikası Milli Məclisinin sədri xanım Maya Qoykoviçin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.
AZƏRTAC xəbər verir ki, Oqtay Əsədov Azərbaycan ilə Serbiya arasındakı əlaqələrdən, ölkələrimizin müxtəlif sahələrdəki əməkdaşlığından danışıb. Sədr əməkdaşlığın möhkəmləndirilməsində dövlət başçılarının qarşılıqlı səfərlərinin və parlamentlərarası əlaqələrin rolunu xüsusi vurğulayıb.
O.Əsədov Azərbaycan ilə Serbiya arasında mədəni, iqtisadi əlaqələrin daha da inkişaf etdirilməsinin vacibliyini vurğulayıb.
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə toxunan O.Əsədov beynəlxalq ictimaiyyətin bu münaqişənin həlli üçün kifayət qədər səy göstərmədiyini bildirib. O vurğulayıb ki, BMT Təhlükəsizlik Şurasının münaqişənin həlli ilə bağlı qəbul etdiyi dörd qətnaməyə, o cümlədən beynəlxalq təşkilatların problemin həlli ilə bağlı qəbul etdiyi sənədlərə məhəl qoymayan Ermənistan torpaqlarımızın 20 faizini işğal altında saxlayır.
Maya Qoykoviç Azərbaycan ilə Serbiya arasında münasibətlərdən məmnunluqla danışıb. Vurğulayıb ki, Serbiya Azərbaycanın ərazi bütövlüyünü daim dəstəkləyir və bu münaqişənin tezliklə sülh yolu ilə ədalətli həllinə nail olunacağına inanır. Serbiya ATƏT-ə sədrliyi dövründə bu münaqişənin həlli istiqamətində addımlar atacaq.
Görüşdə qarşılıqlı maraq doğuran məsələlər müzakirə edilib.