Azərbaycan “IMEX Frankfurt” sərgisində təmsil olunacaq
Bakı, 14 aprel, AZƏRTAC
Ölkəmizin turizm bazarının aparıcı iştirakçılarını bir araya gətirən Azərbaycan Konqreslər Bürosu, eləcə də büronun tərəfdaşları olan və turizm sektorunda fəaliyyət göstərən şirkətlərin nümayəndələri cari il aprelin 19-dan 21-dək Almaniyanın Frankfurt şəhərində keçiriləcək “IMEX Frankfurt 2016” sərgisində ölkəmizi təmsil edəcək.
Mədəniyyət və Turizm Nazirliyindən AZƏRTAC-a bildirilib ki, “Absheron Hotel Group”, “Four Seasons Hotel Baku”, “Geo Travel”, “Hilton Hotel Baku”, “JW Marriott Absheron Baku”, “Kempinski Badamdar Baku” və “PASHA Travel” ölkəmizi təmsil edəcək şirkətlər arasındadır.
Beynəlxalq sərmayələrin cəlb olunması və dünya turizm bazarında misilsiz görüşlər məkanı statusunun qazanılması baxımından Mədəniyyət və Turizm Nazirliyinin nəzdində yaradılan Azərbaycan Konqreslər Bürosunun bu cür tədbirlərdə iştirakı vacibdir. Eyni zamanda, belə tədbirlərdə Azərbaycanın turizm potensialının tanınması turizm sahəsində görülən işlərə böyük bir dəstəkdir.
Qeyd edək ki, “IMEX Frankfurt” beynəlxalq konqres və konfransların təşkili, geniş əhatəli tədbirlərin keçirilməsi turizm sahəsində xidmətlərin göstərilməsində maraqlı olan minlərlə alıcını hər il eyni platformada görüşdürür.