MƏDƏNİYYƏT
Azərbaycan Konqreslər Bürosunun Bakıda növbəti görüşü
Bakı, 11 fevral, AZƏRTAC
İşgüzar turizmin inkişafı üzrə strategiyanın həyata keçirilməsi məqsədilə yaradılan Azərbaycan Konqreslər Bürosu (AKB) Bakıda növbəti görüşünü keçirib.
Mədəniyyət və Turizm Nazirliyinin nəzdində fəaliyyət göstərən büronun budəfəki qonağı Beynəlxalq Konqres və Konvensiya Assosiasiyasının (İCCA) icraçı direktoru Mark Sirk olub.
Nazirlikdən AZƏRTAC-a bildirilib ki, İCCA-nın icraçı direktorunun ölkəmizə səfərin əsas məqsədi Azərbaycanda konfransların təşkili üçün fəaliyyət göstərən infrastrukturla tanışlıqdır. Ölkəmizə ilk dəfə səfər edən M.Sirk paytaxtımıza heyranlığını ifadə edib. Səfər çərçivəsində mədəniyyət və turizm nazirinin müavini Nazim Səmədov və Azərbaycan Konqreslər Bürosunun direktoru Florian Sengstschmid ilə görüşən Mark Sirk ölkəmizin turizm perspektivlərini də müzakirə edib.
Dünyanın turizm və görüşlər sahəsində fəaliyyət göstərən ən nüfuzlu təşkilatlarından olan İCCA, 1000-dən çox beynəlxalq Görüşlər Sənayesi bazarı təmsilçilərini bir araya gətirir.
AKB bu beynəlxalq assosiasiyaya 2014-cü ilin yanvarından üzv olub. Elə həmin ildə də Azərbaycan ilk dəfə olaraq dünya görüş məkanları və bölgədə ən yaxşı göstəricilər üzrə beynəlxalq assosiasiya görüşləri reytinqinə daxil edilib.