Azərbaycan könüllüləri Ulu Öndərin 100 illik yubileyinə həsr olunan silsilə tədbirlərdə iştirak ediblər
Bakı, 10 may, AZƏRTAC
Əsrlər boyu hər bir xalqın tarixində silinməz izlər qoyan dahi şəxsiyyətlər olub. Bu gün böyük fəxrlə xatırladığımız, Azərbaycan xalqının böyük oğlu dünyaşöhrətli insan, görkəmli dövlət xadimi Heydər Əliyevin anadan olmasından 100 il ötür. Ümummilli Liderin bizlərə ərməğan etdiyi dövlətçilik ənənələrinə sadiq olub onu davam etdirmək hazırda Azərbaycan gəncliyinin qarşısına qoyulmuş ən uca məqsəddir. 2023-cü ilin “Heydər Əliyev İli” elan olunması ilə əlaqədar həyata keçirilən tədbir və layihələr də Ulu Öndərə olan böyük sevginin və dərin hörmətin nəticəsidir.
Azərbaycan Könüllü Təşkilatları İttifaqından AZƏRTAC-a bildirilib ki, “Heydər Əliyev İli” çərçivəsində həyata keçirilən layihə və tədbirlərə Azərbaycan könüllüləri fəal şəkildə qoşulublar. Həmin silsilə tədbirlərdən əvvəl Azərbaycan könüllüləri Fəxri xiyabanı ziyarət edərək xalqımızın Ümummilli Lideri, müasir Azərbaycan dövlətinin qurucusu Heydər Əliyevin xatirəsini dərin ehtiramla yad edib, məzarı önünə əklil və tər güllər qoyublar.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin dəstəyi və Azərbaycan Könüllü Təşkilatları İttifaqının təşkilatçılığı ilə ətraf mühitin mühafizəsinə hər zaman böyük önəm verən, Azərbaycan gənclərinə sağlam həyat buraxmaq üçün daim çalışan Ulu Öndər Heydər Əliyevin əziz xatirəsini yad etmək məqsədilə Müşfiqabad qəsəbəsində ağacəkmə aksiyası keçirilib. Ümumilikdə 100-dən çox könüllünün iştirakı ilə keçirilən aksiyada 700-dən çox zeytun və Eldar şamı ağacları əkilib.
Qeyd edək ki, Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100-cü ildönümünə həsr olunan tədbirlər çərçivəsində Azərbaycan Respublikasının Gənclər Fondunun dəstəyi və Azərbaycan Könüllü Təşkilatları İttifaqının təşkilatçılığı ilə mayın 11-də intellektual yarış keçiriləcək. Ümumilikdə 100 könüllüdən ibarət olacaq oyunda, hər komandada 5 nəfər olmaqla 20 komanda mübarizə aparacaq. Hər komandanın bir könüllü təşkilatını təmsil etdiyi oyun “Nə? Harada? Nə zaman?” formatında olacaq. Üç yer üzrə müəyyənləşən qalib komandalar kubok, medal və sertifikatla mükafatlandırılacaqlar.