Azərbaycan Kültür Ocağında Beynəlxalq Ana Dili Gününə həsr edilmiş tədbir keçirilmişdir
Berlin, 8 mart (AZƏRTAC). Berlində fəaliyyət göstərən Azərbaycan Kültür Ocağında Beynəlxalq Ana Dili Günü çərçivəsində “Uşaqların və gənclərin sevimli yazıçısı” mövzusunda tədbir keçirilmişdir.
Tədbir Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, maarifçi pedaqoq və milli dirçəliş tərəfdarı Abdulla Şaiqin anadan olmasının 130 illiyinə həsr edilmişdir. Kültür Ocağının üzvləri Reyhan Qasımovanın və Naibə Hantelin birgə hazırladıqları məruzə tədbir iştirakçıları tərəfindən maraqla qarşılanmışdır.
Reyhan Qasımova ədibin həyatı və yaradıcılığı haqqında geniş məlumat vermiş, Abdulla Şaiqin fəaliyyətini və ailə həyatını əks etdirən fotoşəkillər iştirakçılara nümayiş etdirilmişdir. Uşaqların ifasında Abdulla Şaiqin şeİrləri alqışlarla qarşılanmışdır. Daha sonra şairin əsəri əsasında çəkilmiş “Tülkü həccə gedir” cizgi filmi göstərilmişdir.
Tədbirin ikinci hissəsində türkoloq alim Süleymanoğlu “Türk dili taixinə qısa bir baxış” mövzusunda məruzə ilə çıxış etmişdir. O, məruzəsində türk dilinin inkişafı mərhələlərini təhlil etmiş, müxtəlif cərəyanların zaman-zaman ona təsirindən danışmışdır.
Sonda məruzəçilər tədbir iştirakçılarının suallarını cavablandırmış və hər iki məruzə ətrafında fikir mübadiləsi aparılmışdır.
Vüqar Seyidov
AZƏRTAC-ın xüsusi müxbiri
Berlin
######
