Azərbaycan “Los Angeles Times” turizm sərgisində təmsil olunmuşdur
Vaşinqton, 22 yanvar (AZƏRTAC). Yanvarın 17-18-də “Los Angeles Times” qəzeti tərəfindən Los Ancelesdə keçirilən Beynəlxalq turizm sərgisində Azərbaycan geniş təmsil olunmuşdur.
Hər il 20 mindən çox ziyarətçinin qatıldığı bu sərgi ABŞ-ın ən böyük turizm sərgilərindəndir. Artıq üçüncü ildir ki, Azərbaycan bu məşhur sərgidə təmsil olunur.
Azərbaycanın Los Ancelesdəki baş konsulluğu tərəfindən qurulmuş, “Azərbaycan: əfsanəvi qonaqpərvərik diyarı” başlıqlı Azərbaycan stendində ölkəmizin turizm imkanları barədə müxtəlif bannerlər və Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin hazırladığı nəşrlər vasitəsilə geniş məlumat verilmişdir.
Həmçinin stenddə quraşdırılmış monitorda Azərbaycanın müxtəlif gözəl guşələrini, əsrarəngiz təbiətini, nadir tarixi və memarlıq abidələrini əks etdirən videoçarxlar nümayiş etdirilmişdir.
Sərgidə iştirak edən Azərbaycanın “Wonders of Azerbaijan”, “Spektr” və “SkyTravel” turizm şirkətləri ölkəmizə səfər üçün turizm paketləri təqdim etmişlər. Qeyd olunmalıdır ki, stenddə qoyulmuş, Qarabağın əzəli Azərbaycan torpağı olduğunu göstərən “Qarabağ - Azərbaycanın zinət tacı” (“Karabakh - Crown Jewel of Azerbaijan”) başlıqlı banner ziyarətçilərin diqqətini xüsusilə cəlb etmişdir. Bannerdə Qarabağın füsunkar təbiət rəsmləri ilə yanaşı, Qarabağ atı, xalçası, Şuşa qalası, Gövhərağa məscidi, Gəncəsər alban monastırı kimi qədim memarlıq abidələrini, eləcə də Qarabağ muğam məktəbini göstərən rəsmlər əks olunmuşdur. Həmçinin baş Konsulluq tərəfindən yuxarıda sadalananlar da daxil olmaqla Qarabağa dair müvafiq kitabça hazırlanaraq sərgi iştirakçıları arasında paylanılmışdır.
Kitabçada Qarabağ barədə məlumat verilməklə yanaşı, eyni zamanda, Azərbaycanın bu ərazisinin Ermənistan tərəfindən işğal edildiyi qeyd olunur. İşğal edilmiş ərazilərə səfərlərin qanunsuz xarakter daşıdığı vurğulanır.
Qeyd etmək lazımdır ki, Kaliforniyadakı erməni lobbisi müxtəlif vasitələrlə Azərbaycanın sərgidə iştirakına mane olmağa çalışsa da, öz məqsədinə nail ola bilməmişdir. Azərbaycan stendi sərgi iştirakçıları tərəfindən böyük maraqla qarşılanmışdır.
Yusif Babanlı
AZƏRTAC-ın xüsusi müxbiri
Vaşinqton