Azərbaycan-Macarıstan hökumətlərarası birgə iqtisadi komissiyasının 5-ci iclası işini başa çatdırıb
Budapeşt, 23 aprel, AZƏRTAC
Budapeştdə Azərbaycan-Macarıstan hökumətlərarası birgə iqtisadi komissiyasının 5-ci iclası öz işini başa çatdırıb. Həmsədrlər - Macarıstan xarici işlər və xarici iqtisadi əlaqələr naziri Piter Siyyarto və Azərbaycan Respublikası sənaye və iqtisadiyyat naziri Şahin Mustafayevin sədrliyi ilə keçən iqtisadi forumda sonuncu, 4-cü iclasdan sonra görülən işlərə yekun vurulub, qarşıda duran vəzifələr müəyyənləşdirilib, irəli sürülən ideya və təşəbbüslərə münasibət bildirilib.
Həmsədrlərin çıxışlarında iqtisadi əlaqələrin artım dinamikasından razılıq ifadə olunub, mövcud çətinlik və problemlərin aradan qaldırılması üçün birgə səylərin vacibliyi vurğulanıb.
İclasın gündəliyində dayanan 14 məsələnin hər biri ilə bağlı Macarıstan və Azərbaycan tərəfindən komissiya üzvləri - səhiyyə, təhsil, idman, kənd təsərrüfatı, nəqliyyat, energetika, rabitə və yüksək texnologiyalar, bank, su təchizatı və digər sahələr üçün məsul rəsmilər çıxış ediblər. Çıxışlarda qarşılıqlı əməkdaşlığın daha da genişləndirilməsi üçün siyasi iradənin və yetərincə potensialın olduğu, mövcud strateji tərəfdaşlıq sazişinin açdığı imkanlardan Azərbaycanı Avropa Birliyinə yaxınlaşdırmaq, eləcə də Macarıstanın “Şərqə açılım” siyasətinə dəstək vermək yolunda istifadəsinin zəruriliyi diqqətə çatdırılıb.
Sonda birgə iqtisadi komissiyanın 5-ci iclasının yekunları ilə bağlı protokol imzalanıb. Protokolu həmsədrlər Şahin Mustafayev və Piter Siyyarto imzalayıblar. Sənəddə Macarıstan biznes adamlarının, şirkət və firmalarının işğal olunmuş Azərbaycan ərazilərindəki separatçı Dağlıq Qarabağ rejimi ilə hər hansı şəkildə əlaqə və iş birliyinin yolverilməzliyi ayrıca bənddə qeyd edilib.
İclasın nəticələri ilə bağlı Şahin Mustafayev və Piter Siyyarto mətbuat qarşısında çıxış ediblər.
Növbəti, 6-cı iclasın gələn ilə Bakıda keçirilməsi qərara alınıb.
Pərvanə Qarayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Budapeşt