AZƏRBAYCAN PREZİDENTİ AKADEMİK ZƏRİFƏ ƏLİYEVA ADINA ŞAHTAXTI KƏND ORTA MƏKTƏBİNDƏ OLMUŞDUR
AZƏRTAC-ın müxbiri xəbər verir ki, oktyabrın 17-də Azərbaycan Prezidenti İlham Əliyev Kəngərli rayonunun Şahtaxtı kəndində akademik Zərifə Əliyeva adına orta məktəbdə olmuşdur.
2005-ci ildə istifadəyə verilmiş məktəbdə şagirdlərin yüksək səviyyədə təhsil alması üçün hər cür şərait yaradılmışdır. Hazırda burada 530 şagird təhsil alır.
Dövlətimizin başçısı Zərifə xanım Əliyevanın büstü önünə gül dəstəsi qoydu, görkəmli oftalmoloq alimin xatirə muzeyinə baxdı, fənn kabinetləri, kompyuter sinifləri ilə tanış oldu.
Prezident İlham Əliyev ayrı-ayrı sinif otaqlarına baş çəkərək, şagirdlərə dərslərində uğurlar arzuladı.
X X X
Sonra Azərbaycan Prezidenti İlham Əliyev Şərur rayon mərkəzi xəstəxanasının açılışı mərasimində iştirak etdi.
X X X
Azərbaycan Prezidenti İlham Əliyevin oktyabrın 17-də Naxçıvan Muxtar Respublikasına səfəri başa çatdı.
Naxçıvan beynəlxalq hava limanında dövlətimizin başçısının şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.
Prezident İlham Əliyevi muxtar respublika Ali Məclisinin sədri Vasif Talıbov, ictimaiyyətin nümayəndələri yola saldılar.
X X X
Dövlətimizin başçısı həmin gün axşam Bakıya qayıtdı.
Azərbaycan Prezidentini Heydər Əliyev adına beynəlxalq hava limanında Baş nazir Artur Rasizadə, Prezidentin İcra Aparatının rəhbəri Ramiz Mehdiyev və Bakı Şəhəri İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov qarşıladılar.