Azərbaycan Prezidenti bölgələrin inkişaf proqramlarını həyata keçirilməklə siyasi iradə nümayiş etdirir - RƏY
Bakı, 12 avqust, AZƏRTAC
Prezident İlham Əliyevin həm azad olunmuş ərazilərdə, həmçinin digər bölgələrdə həyata keçirilən yenidənqurma işləri ilə tanışlığı, strateji obyektlərin təməlqoyma və açılış mərasimlərində bilavasitə iştirak etməsi ölkəmizin gələcək inkişaf proqramlarının uğurlu icrasına böyük töhfədir. Dövlətimizin başçısının işğaldan azad olunmuş torpaqlarımızda bərpa işinin sürətlə getməsində əvəzsiz xidmətlərini Azərbaycan xalqı yüksək qiymətləndirir. Bu, təkcə daxildən deyil, ölkəmizə səfərə gələn xarici dövlətlərin rəsmi şəxsləri, diplomatlar və iş adamları tərəfindən də bəyənilir, onlar qısa zaman kəsiyində irimiqyaslı layihələrin həyata keçirilməsinin əyani şahidi olurlar. Qarabağda tikinti-quruculuq işlərinin üç il ərzində indiki səviyyəyə çatması ərazilərimiz mənfur düşmən tapdağı altında olarkən tək torpaqları azad etmək deyil, həmçinin dağıdılmış şəhərlərin, kəndlərin bərpası layihələrinin dəqiqliklə hazırlanmasından xəbər verir. Azərbaycan Prezidentinin bölgələrin inkişaf proqramlarının tərtib olunmasında və həyata keçirilməsində birbaşa iştirakı vahid siyasi iradənin olmasını sübuta yetirən amildir.
Bu sözləri AZƏRTAC-a açıqlamasında politoloq Tural Əliyev söyləyib.
O, Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında gedən yenidənqurma işlərinin sürətləndirilməsinin kökündə müxtəlif səbəblər dayandığını qeyd edib. Birincisi, bu məsələ Qarabağın Azərbaycana məxsus olmasının, doğmalıq hissinin nümayiş etdirilməsin, əsl sahibinin sözlərlə deyil, əməli fəaliyyətlərlə təsdiqlənməsidir. İkincisi, məcburi köçkünlərin öz dədə-baba torpaqlarına qayıdışının təşkili, vətəndaşların yaşayış imkanlarının təmin edilməsidir. Üçüncüsü isə bölgənin iqtisadi potensialından səmərəli şəkildə istifadənin əsaslarını yaratmaqdır.
Ölkəmiz tərəfindən azad olunmuş ərazilərlə yanaşı, paralel olaraq digər bölgələrin inkişaf etdirilməsinə dair strateji addımların atılması bütövlükdə ümumdövlət konsepsiyasının tam aydın təfsilatının nəticəsidir. Xüsusilə hərbi təyinatlı obyektlərin açılışında birbaşa dövlətimizin başçısının iştirak etməsi xaricə hesablanmış mesajlardır. Eyni zamanda, Azərbaycan üçün təhlükəsizlik məsələsinin əsas yer tutduğunun göstəricisidir. Bundan əlavə, hər hansı yarana biləcək təhdidlərin yerindəcə aradan qaldırılması üçün kompleks tədbirlərin yüksək hazırlıq səviyyəsində olduğunun növbəti sübutudur.
“Peşəkar ordu quruculuğu hərbçilərin yaşayış şəraitinin yaxşılaşdırılmasından başlayır. Bu baxımından əsgər və zabit heyətinin bacarıqlarının inkişaf etdirilməsi üçün hərbi hissələrin yenilənməsi, müasir standartlara uyğun təmir edilməsi Ali Baş Komandanın daima nəzarəti altındadır. Bu işlərin davamı olaraq avqustun 7-də Azərbaycan Prezidenti “Qazax” Əlahiddə Sərhəd Diviziyasının qarnizon kompleksində yaradılan şəraitlə tanış oldu. Dövlətimizin başçısı bütün qoşun növlərinə diqqət ayırır, dövlətin vacib atributlarından biri sayılan sərhədlərin mühafizə olunmasına hər zaman önəm verir. Azərbaycan dövlətçiliyinin keşiyində dayanan digər qoşun növləri kimi Sərhəd Qoşunlarında da mütəmadi olaraq peşəkar zabitlərin hazırlanıb ən müasir silahlarla təchiz edilməsinə qədər Prezident İlham Əliyevin qayğısı ilə əhatələnib”, - deyə T.Əliyev bildirib.
O əlavə edib ki, Azərbaycan regionda sabitliyin qorunub saxlanması üçün yeni təşəbbüslərlə çıxış edir. Dünyaya mesaj verir ki, sülhün yeganə qarantiyası yalnız siyasi, iqtisadi əlaqələrin qurulmasından keçir. Dövlətimizin başçısının bölgələrin inkişafına yönəlik strategiyasının nüvəsində duran amillərdən biri də Azərbaycanın hər zaman regional məsələlərin həllinə praktik surətdə təkan verməsidir.