AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEV BP ŞİRKƏTİNİN VİTSE-PREZİDENTİ ENDRYU İNQLİSİ QƏBUL ETMİŞDİR
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 17-də Prezident sarayında BP şirkətinin vitse-prezidenti Endryu İnqlisi qəbul etmişdir.
Endryu İnqlis yenidən ölkəmizə səfər etməkdən məmnunluğunu söylədi. O, “Şahdəniz” yatağından qaz hasilatının artmasını razılıq hissi ilə vurğuladı və bu sahədə işlərin bundan sonra da uğurla davam etdiriləcəyinə əmin olduğunu bildirdi.
Prezident İlham Əliyev “Şahdəniz” yatağından çıxarılan qazın artmasının ölkəmizin mühüm qaz hasilatçısı və ixracatçısı kimi rolunu daha da yüksəldəcəyini vurğuladı. O, uzun illər ərzində Azərbaycan ilə BP şirkəti arasında həyata keçirilən uğurlu əməkdaşlığın bundan sonra da davam etdiriləcəyinə ümidvar olduğunu bildirdi.