AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEV ÇEÇENİSTAN PREZİDENTİ RAMZAN KADIROVU QƏBUL ETMİŞDİR
Bakı, 6 noyabr (AZƏRTAC). Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 6-da Çeçenistan Respublikasının Prezidenti Ramzan Kadırovu qəbul etmişdir.
Prezident Ramzan Kadırovun Bakıda keçirilən tədbirlərdə iştirakından məmnunluğunu bildirən dövlətimizin başçısı onun Azərbaycana səfərinin əlaqələrimizin perspektivlərinin müzakirəsi üçün yaxşı imkan yaratdığını demişdir. Azərbaycan və çeçen xalqlarının əsrlər boyu davam edən dostluq münasibətlərini yüksək qiymətləndirən Prezident İlham Əliyev Çeçenistanda aparılan bərpa, yenidənqurma işlərinin və inkişafın ölkəmizdə izlənildiyini bildirdi. Dövlətimizin başçısı Azərbaycan ilə Çeçenistan arasında qarşılıqlı fəaliyyət və iqtisadi əlaqələrin inkişafı üçün yeni yolların müəyyənləşdirilməsinin zəruriliyini vurğuladı. Prezident İlham Əliyev Ramzan Kadırovun rəhbərliyi ilə Çeçenistanın bundan sonra da uğurla inkişaf edəcəyinə əminliyini diqqətə çatdırmışdır.
Xalqının ən çətin vaxtlarında Azərbaycanın onun həmvətənlərinə sığınacaq verdiyini və yüksək qayğı göstərdiyini yada salan Prezident Ramzan Kadırov öz adından və çeçen xalqı adından dövlətimizin başçısına minnətdarlığını bildirmiş və çeçen xalqının bunu heç vaxt unutmayacağını demişdir.
######
![]() |
![]() |

