AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEV ŞƏHİDLƏR XİYABANINDA APARILAN YENİDƏNQURMA İŞLƏRİNİN GEDİŞİ İLƏ TANIŞ OLMUŞDUR
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 26-da Şəhidlər xiyabanında aparılan yenidənqurma işlərinin gedişi ilə tanış olmuşdur.
“Azərbaycan Respublikasındakı monumental heykəltəraşlıq abidələri, xatirə-memorial və memarlıq kompleksləri haqqında” Prezident Sərəncamına müvafiq olaraq, Şəhidlər xiyabanı vahid kompleks kimi tamamilə yenidən qurulur.
Bakı Şəhəri İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov Prezident İlham Əliyevə burada aparılan yenidənqurma işlərinin gedişi barədə ətraflı məlumat verdi. Bildirildi ki, kompleksin yeniləşdirilməsi zamanı dövlət başçısının tapşırıq və tövsiyələrinə uyğun olaraq, Azərbaycançılıq fəlsəfəsi əsas götürülüb, xalqımızın milli-mənəvi dəyərlərinə və milli memarlıq ənənələrimizə xüsusi diqqət yetirilir. Kompleksin girəcəyindəki “Şəhidlər xiyabanı” sözləri qızılla işlənmişdir. Burada Hollandiyadan gətirilən güllər əkilmişdir.
Yeni layihə hazırlanarkən kompleksin möhtəşəmliyi ilə yanaşı, onun vətəndaşlarımızın tarixi-mənəvi dəyərlərə hörmət və məhəbbət ruhunda tərbiyəsinə, vətənpərvərlik hisslərinin gücləndirilməsinə əsaslı təsir göstərməsinə də xüsusi diqqət yetirilmişdir. Məzarlar yenidən götürülür. İstifadə edilən daşlar Braziliya, Çin və İsveçdən, işıqlandırma sisteminin avadanlığı İtaliyadan gətirilmişdir. Burada görülən işlər xalqımızın, Azərbaycan dövlətinin şəhidlərin ruhuna dərin ehtiramının bariz nümunəsidir.
“Əbədi məşəl” abidəsi də nəfis şəkildə yenidən qurulur və hündürlüyü artırılacaqdır. Abidənin günbəzi qızılla işlənəcəkdir. Kompleksdə yeni salınan yaşıllıqlar, çəmənliklər buranın görünüşünü daha da gözəlləşdirir.
Prezident İlham Əliyev müvafiq tövsiyə və tapşırıqlarını verdi, eyni zamanda, xiyabanın ətrafındakı ərazidə də lazımi yenidənqurma işləri görülməsinin zəruriliyini vurğuladı.
Şəhidlər xiyabanında yenidənqurma işləri bu ilin noyabrında başa çatacaqdır.