AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEV ŞƏHİDLƏR XİYABANININ YENİDƏNQURMA İŞLƏRİNDƏN SONRAKI VƏZİYYƏTİ İLƏ TANIŞ OLMUŞDUR
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamına uyğun olaraq Şəhidlər xiyabanının vahid kompleks kimi yenidən qurulması başa çatmışdır. Noyabrın 2-də dövlətimizin başçısı Şəhidlər xiyabanının yenidənqurma işlərindən sonrakı vəziyyəti ilə tanış olmuşdur.
Prezident İlham Əliyev avtomat idarəetmə qurğusu vasitəsilə xiyabanın girəcəyindəki məşəli alovlandırdı.
Dövlətimizin başçısı Azərbaycanın müstəqilliyi və bütövlüyü uğrunda canlarını qurban vermiş Vətən oğullarının uyuduğu xiyabanda aparılmış yenidənqurma və abadlıq işlərinin keyfiyyəti ilə yaxından tanış oldu. Bakı Şəhəri İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov Prezidentə məlumat verərək bildirdi ki, burada yenidənqurma işləri dövlət başçısının bilavasitə tapşırığı ilə qısa vaxt ərzində və yüksək səviyyədə həyata keçirilibdir. Xiyabanın ərazisi xeyli genişlənib, şəhid məzarlarının hamısının üstü yenidən mərmərlə götürülüb, milli və şərq memarlığının zəngin elementlərindən istifadə olunubdur. Xiyabanın, demək olar ki, hər yerində müasir işıqlandırma sistemi quraşdırılıbdır. Bakının ən yüksək nöqtəsində yerləşən Şəhidlər xiyabanında Avstriyadan gətirilmiş çəmən döşənmiş, Hollandiyadan gətirilmiş güllər, on mindən artıq ağac əkilmiş, yeni yaşıllıq zolaqları salınmışdır.
Azərbaycan Prezidenti İlham Əliyev şəhidlərin ölməz ruhunun və xalqımızın qəhrəmanlıq mübarizəsinin rəmzi olan “Əbədi məşəl” abidəsinə də baxdı. Dövlətimizin başçısı məşəli alovlandırdı.
Xatırladaq ki, Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığı ilə Şəhidlər xiyabanının yenidən qurulması işlərində zərvərəq qızıldan istifadə olunmuşdur. Girişdəki yazı, xiyabanın əsaslı təmirini və yenidən qurulmasını əks etdirən lövhə, “Əbədi məşəl” abidəsindəki səkkizguşəli ulduz, səkkizguşəli güzgünün məsamələri qızılla işlənilmişdir.
Prezident İlham Əliyev buradan Bakının mənzərəsini seyr etdi, xiyabanın ətrafındakı ərazidə də abadlıq və quruculuq işlərinin aparılması ilə bağlı müvafiq tapşırıqlarını verdi.