RƏSMİ XRONİKA
AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEVİN BELARUSA RƏSMİ SƏFƏRİ
RƏSMİ QARŞILANMA MƏRASİMİ
Minsk, 12 noyabr (AZƏRTAC). Xüsusi müxbirimiz xəbər verir ki, noyabrın 12-də Belarusda rəsmi səfərdə olan Azərbaycan Prezidenti İlham Əliyevin Minskdə, Prezident İqamətgahında rəsmi qarşılanma mərasimi olmuşdur.
Azərbaycanın və Belarusun dövlət bayraqlarının dalğalandığı meydanda dövlətimizin başçısının şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.
Prezident İlham Əliyevi Belarus Prezidenti Aleksandr Lukaşenko qarşıladı.
Hərbi orkestrin ifasında Azərbaycanın və Belarusun dövlət himnləri səsləndi.
Fəxri qarovul dəstəsinin rəisi Azərbaycan Prezidentinə raport verdi.
Prezidentlər fəxri qarovul dəstəsinin qarşısından keçdilər.
Belarusun dövlət və hökumət nümayəndələri Azərbaycan Prezidenti İlham Əliyevə, Azərbaycan nümayəndə heyətinin üzvləri Belarus Prezidenti Aleksandr Lukaşenkoya təqdim olundu.
Fəxri qarovul dəstəsi hərbi marşın sədaları altında dövlət başçılarının qarşısından keçdi.
Prezidentlər rəsmi foto çəkdirdilər.
######