AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEVİN KÜVEYT MİLLİ MƏCLİSİNİN SƏDRİ İLƏ GÖRÜŞÜ
Əl-Küveyt, 10 fevral (AZƏRTAC). Xüsusi müxbirimiz xəbər verir ki, Azərbaycan Prezidenti İlham Əliyev onun üçün ayrılmış iqamətgahda - “Bəyan” sarayında Küveyt Milli Məclisinin sədri Casim Məhəmməd əl-Xərafi ilə görüşmüşdür.
Görüşdə Azərbaycanla Küveyt arasında müxtəlif sahələrdə əlaqələrin inkişafından məmnunluq ifadə olundu, Azərbaycan Prezidentinin Küveyt Dövlətinə rəsmi səfərinin qarşılıqlı münasibətlərin daha da möhkəmlənməsinə xidmət etdiyi vurğulandı. Parlamentlərarası əlaqələrin əhəmiyyətinə toxunulan görüşdə bu sahədə əməkdaşlığın daha da inkişaf etdirilməsi baxımından yaxşı perspektivlərin mövcudluğu bildirildi, münasibətlərimizin bundan sonra da genişlənəcəyinə əminlik ifadə olundu.
######
