AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEVİN VƏ FRANSA PREZİDENTİ NİKOLA SARKOZİNİN GÖRÜŞÜ
Xəbər verdiyimiz kimi, noyabrın 20-də Parisdə, Yelisey sarayında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Fransa Respublikasının Prezidenti Nikola Sarkozinin görüşü olmuşdur.
Sarayın həyətində Azərbaycan Prezidentinin şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü. Dövlətimizin başçısı hərbi marşın sədaları altında fəxri qarovul dəstəsinin qarşısından keçdi.
Fransa Respublikasının Prezidenti Nikola Sarkozi hörmət və ehtiram əlaməti olaraq, Azərbaycan Prezidenti İlham Əliyevi sarayın pilləkənləri önündə böyük səmimiyyətlə və ehtiramla qarşıladı.
Sonra prezidentlərin görüşü keçirildi.
Görüşdə ölkələrimiz arasında əlaqələrin müxtəlif sahələrdə, o cümlədən siyasi, iqtisadi və digər sahələrdə uğurla inkişaf etdiyi vurğulandı.
Fransa Prezidenti Nikola Sarkozi Azərbaycan Prezidenti İlham Əliyevin Parisə bu səfərinin ikitərəfli əlaqələrin inkişafına öz töhfəsini verəcəyinə əmin olduğunu söylədi.
Söhbət zamanı Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi məsələsinə də toxunuldu.
Azərbaycan Prezidenti İlham Əliyev Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzündən danışdı və etnik təmizləmə siyasəti nəticəsində 1 milyondan çox soydaşımızın qaçqın və məcburi köçkün vəziyyətinə düşdüyünü bildirdi. Dövlətimizin başçısı bu münaqişənin yalnız və yalnız ölkəmizin ərazi bütövlüyü bərpa edilməklə həll olunmasının zəruriliyini vurğuladı.