AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEVİN VƏ QIRĞIZISTAN PREZİDENTİ KURMANBEK BAKİYEVİN GÖRÜŞÜ
Naxçıvan, 2 oktyabr (AZƏRTAC). Oktyabrın 2-də Prezident İlham Əliyevin Türkdilli ölkələrin dövlət başçılarının IX zirvə görüşündə iştirak etmək üçün Naxçıvan Muxtar Respublikasına gələn Qırğızıstan Prezidenti Kurmanbek Bakiyev ilə görüşü olmuşdur.
Prezident İlham Əliyev bu zirvə görüşünün əhəmiyyətini vurğulayaraq bildirdi ki, Türkdilli ölkələrin dövlət başçılarının IX zirvə görüşü xalqlarımız və ölkələrimiz arasında əlaqələrin daha da möhkəmlənməsinə xidmət edir.
Ölkələrimiz arasında ikitərəfli məsələlərə toxunan dövlətimizin başçısı əlaqələrimizin dinamik inkişaf etdiyini, iqtisadi sahədə əməkdaşlığın daha da genişləndirilməsi üçün yaxşı potensialın olduğunu bildirdi. Qeyd etdi ki, Qırğızıstan Prezidentinin ölkəmizə bu səfəri ikitərəfli münasibətlərin möhkəmlənməsi baxımından da əhəmiyyətlidir.
Qırğızıstan Prezidenti Kurmanbek Bakiyev Türkdilli ölkələrin dövlət başçılarının IX zirvə görüşünün əhəmiyyətini qeyd etdi. Bildirdi ki, bu görüş türkdilli ölkələr arasında əlaqələrin genişlənməsinə töhfə verir.
Kurmanbek Bakiyev Azərbaycana ilk səfərini Naxçıvana etdiyini vurğuladı və xalqımızın ümummilli lideri Heydər Əliyevin xatirəsinin daim əziz tutulduğunu dedi.
Qırğızıstan dövlətinin başçısı bildirdi ki, onun bu səfəri ikitərəfli əlaqələrin genişlənməsinə xidmət edəcəkdir.
######
