Azərbaycan Prezidenti: Moskvada biz onlardan danışıqlar masası arxasında tam təslim olmalarını tələb etmədik
Bakı, 11 oktyabr, AZƏRTAC
Biz bunu əsas götürmüşük ki, münaqişəni siyasi yolla həll etməyə üstünlük verilməlidir və uzun illər boyu bizim bütün fəaliyyətimiz buna yönəlmişdi. Bu səbəbdən, dünən və bu gecə Moskvada aparılmış məsləhətləşmələr çərçivəsində biz onlardan danışıqlar masası arxasında tam təslim olmalarını tələb etmədik. Başa düşürük ki, Paşinyan rejimi yetərincə zəifləyib. Bu rejim daxili siyasi səbəblərə görə eskalasiyadan əvvəl də zəifləmişdi. İndi daha çox zəifləyib.
AZƏRTAC xəbər verir ki, Prezident İlham Əliyev bu barədə Rusiyanın RBK telekanalına müsahibəsində danışıb.
Razılaşdırılmış bəyanat çərçivəsində Azərbaycanın konkret tarixlər göstərilməsində təkid etməməsinin səbəbini izah edən dövlətimizin başçısı deyib: "Mən hesab etmirəm ki, indi Ermənistanda bir inqilab baş verməsi və qatı millətçilərin, radikalların, azərbaycanofobların hakimiyyətə gəlməsi Azərbaycanın xeyrinə olar. Buna görə biz razılaşdırılmış bəyanat çərçivəsində konkret tarixlər göstərilməsini təkid etmədik. Lakin, şübhəsiz ki, bu, erməni işğalçı qüvvələrinin bizim ərazilərdən razılaşdırılmış şəkildə çıxarılmasını nəzərdə tutur. Bəyanatda substantiv danışıqlara, yəni baza prinsiplərinə istinad edilir, orada isə hər şey konkret yazılıb: beş rayon nə vaxt azad ediləcək, daha iki rayon nə vaxt azad ediləcək".