Azərbaycan Prezidenti regionların inkişafını, modernləşməsini diqqət mərkəzində saxlayır - Siyasi şərhçi
Bakı, 11 avqust, AZƏRTAC
Qırx dörd günlük Vətən müharibəsi yekunlaşdıqdan sonra dövlətimizin qarşısında duran prioritet məsələlərdən biri də Qarabağda erməni vandalları tərəfindən dağıdılmış ərazilərin bərpası idi. Bu baxımdan Prezident İlham Əliyevin çıxışlarında və regionlara səfərlərində də görürük ki, əsas diqqət bu məsələyə yönəlib. Amma paralel olaraq Azərbaycanın digər bölgələrində də müxtəlif sahələrdə tikinti-abadlıq işləri aparılır. Dövlətimizin başçısının Qazax, Samux, Şəmkir və Bərdəyə son səfəri də bunun bariz bir nümunəsidir.
Bu fikirləri AZƏRTAC-a açıqlamasında siyasi şərhçi Murad Sadəddinov söyləyib.
O qeyd edib ki, Azərbaycan Prezidenti ölkəmizin qərb rayonlarına səfər edərkən bir neçə müəssisənin açılışında da iştirak etdi. Buraya kommunikasiya xətləri, avtomobil yolları, təhsil ocaqları, müxtəlif su və elektrik təchizatı ilə bağlı yüksək standartlara cavab verən yeni müəssisələrin açılışını misal çəkə bilərik.
“Bundan öncə də Prezident İlham Əliyev mütəmadi olaraq müxtəlif regionlara səfər edərək yeni infrastruktur layihələrinin, tarixi-mədəni obyektlərin təməlqoyma və açılış mərasimlərində iştirak etmişdi. Nəinki regionlarda, paytaxt Bakıda da yeni infrastruktur layihələrinin həyata keçirildiyinin şahidiyik. Bu, onun göstəricisidir ki, Azərbaycan Prezidenti daim bütün regionların inkişafını, modernləşməsini, yeni üsullarla yaradılan obyektlərin tikintisini diqqət mərkəzində saxlayır, mütəmadi olaraq ölkədə həyata keçirilən yenidənqurma layihələrində iştirak edir. Baxmayaraq ki, beynəlxalq məsələlərlə bağlı vaxt məhdudiyyəti var, dövlətimizin başçısı ölkənin inkişafı ilə bağlı işlərlə də yaxından maraqlanır və şəxsən nəzarət edir”, - deyə siyasi şərhçi vurğulayıb.