Azərbaycan qısa zaman kəsiyində əsrlərə bərabər tərəqqi yolu keçib
Bakı, 12 dekabr, AZƏRTAC
Ulu öndər Heydər Əliyevin mənalı ömür yolu Vətənə sədaqət nümunəsi olub.
AZƏRTAC xəbər verir ki, bu sözləri dekabrın 12-də Fəxri xiyabanda Ulu Öndərin məzarını ziyarət etməyə gəlmiş paytaxt sakini Ümid Quliyev AZƏRTAC-a müsahibəsində deyib.
Ü.Quliyev vurğulayıb ki, Azərbaycanın tarixi və taleyi Heydər Əliyevin adı ilə qırılmaz tellərlə bağlıdır. O, böyük siyasi və dövlət xadimi, xalqın şəksiz lideri olaraq hələ sağlığında canlı əfsanəyə çevrilib. Bir xilaskar kimi Azərbaycan tarixində Heydər Əliyevin rolu bu vaxtadək heç kimlə müqayisə edilməyəcək dərəcədə yüksəkdir, əzəmətlidir. Bu gün Azərbaycanın yüksəldiyi ucalıq sübut edir ki, ölkəmiz ötən əsrin əvvəllərində sadəcə müstəqilliyinə qovuşmayıb, Ulu Öndərin titanik fəaliyyəti nəticəsində cəmi bir neçə illə ölçülən çox qısa zaman kəsiyində əsrlərə bərabər inkişaf, tərəqqi yolu keçib.
Mən bunu deyə bilərəm ki, Heydər Əliyev haqqında, onun gördüyü işlər haqqında nə qədər danışsaq da bəs etməz. Bunun üçün illər lazımdır. Nə qədər ki, canımızda can var, hər il Ulu Öndərimizin məzarını ziyarət edəcəyik. Tanrıdan ona rəhmət diləyirəm.