“Azərbaycan Rektorlar Konfransının yaradılması” layihəsi Brüsseldə işini davam etdirir
Gəncə, 6 iyul, AZƏRTAC
Azərbaycan Texnologiya Universitetinin tərəfdaş olduğu ECAR layihəsi çərçivəsində 18 ali təhsil müəssisəsinin nümayəndələri Belçikanın paytaxtı Brüsseldə səfərdədirlər.
Universitetdən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, onlar Avropanın nüfuzlu EFMD təşkilatında müxtəlif təlim-seminarlarda iştirak edirlər.
Səfərin ilk günündə layihənin koordinatoru Gülşən Bayramova və EFMD təşkilatının beynəlxalq layihələr üzrə direktoru Christophe Terrasse açılış nitqi ilə çıxış ediblər. Daha sonra təlim “EFMD təşkilatının beynəlxalq layihələrdəki böyük təcrübələri”, “Ali təhsil müəssisələrinin marketinq və kommunikasiya strategiyaları”, “Belçikanın ali təhsil sistemində Rektorlar Şurasının rolu: Şuranın dövri nəşrləri” kimi mövzuları əhatə edib.
Təlimlərin əsas məqsədi Azərbaycan Rektorlar Konfransının dövri nəşrinin hazırlanması məqsədilə beynəlxalq təcrübənin, xüsusilə də Belçika təcrübəsinin öyrənilməsi olub. Təlimlər şuraların məsul şəxsləri Koen Verlaeckt, Sophie Dufays tərəfindən keçirilib və yekunda qarşılıqlı müzakirələr, fikir mübadilələri aparılıb.
Təlimlərdə Azərbaycan Texnologiya Universitetini mətbuat xidmətinin rəhbəri Xəyalə Məmmədova təmsil edir.
Qeyd edək ki, Bakı Biznes Universitetinin koordinatoru olduğu “Azərbaycan Rektorlar Konfransının yaradılması” layihəsi Avropa Komissiyası tərəfindən maliyyələşdirilir.