AZƏRBAYCAN RESPUBLİKASININ MƏRKƏZİ SEÇKİ KOMİSSİYASINDA
Əvvəlcə komissiya üzvləri görkəmli dövlət xadimi, Prezident Heydər Əliyevin xatirəsini bir dəqiqəlik sükutla yad etmişlər.
Sonra Mərkəzi Seçki Komissiyası üzvlərinin mükafatlandırılması barədə məsələyə baxılmışdır. MSK bu məsələnin müsbət həlli barədə qərar qəbul etmişdir.
Mərkəzi Seçki Komissiyasının sədr müavini Svetlana Qasımova 103 saylı Gədəbəy seçki dairəsinin dairə seçki komissiyasının sədri Səfərov Sahib Adil oğlunun və 104 saylı Gədəbəy-Tovuz seçki dairəsi dairə seçki komissiyasının sədri Məmmədov Vilayət Qamət oğlunun dairə seçki komissiyası üzvlüyündən azad olunmaları barədə ərizə ilə müraciət etmələri haqqında məlumat vermişdir. Komissiya həmin şəxslərin müvafiq dairə seçki komissiyalarının üzvlüyündən azad olunması barədə qərar qəbul etmişdir.
Komissiya üzvləri 2004-cü ildə keçirilməsi qanunvericiliklə nəzərdə tutulan bələdiyyə seçkiləri ilə bağlı seçici siyahılarının dəqiqləşdirilməsinə başlanılması haqqında müzakirələr aparmışlar. Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov qeyd etmişdir ki, Azərbaycan Respublikası Seçki Məcəlləsinin tələbinə uyğun olaraq məntəqə seçki komissiyaları ilkin seçici siyahılarını fevralın 5-dən gec olmayaraq dairə seçki komissiyalarına verməli, dairə seçki komissiyaları isə öz növbəsində seçki dairəsi üzrə ilkin seçici siyahılarını martın 5-dən gec olmayaraq tərtib etməli və aprelin 5-dək Mərkəzi Seçki Komissiyasına təqdim etməlidir. Mərkəzi Seçki Komissiyası həmin seçici siyahılarında dəqiqləşdirmə apardıqdan sonra dairə və məntəqə seçki komissiyalarına qaytaracaqdır. Seçici siyahıları mayın 25-dək dairə və məntəqə seçki komissiyaları tərəfindən təsdiq edilməlidir.
MSK üzvləri tərəfindən belə bir yekdil fikir səsləndirilmişdir ki, seçici siyahılarının dəqiqləşdirilməsi ilə bağlı dairə seçki komissiyalarının üzvləri təlimatlandırılmalıdır və bu məqsədlə 2004-cü ilin yanvar ayının əvvəllərində Mərkəzi Seçki Komissiyasında onların iştirakı ilə müşavirə keçirilməlidir.
Mərkəzi Seçki Komissiyasının
mətbuat xidməti.