AZƏRBAYCAN RESPUBLİKASININ MƏRKƏZİ SEÇKİ KOMİSSİYASINDA
Noyabrın 5-də Məzahir Pənahovun sədrliyi ilə Mərkəzi Seçki Komissiyasının iclası keçirilmişdir.
Azərbaycan Respublikasının Milli Məclisinə 2004-cü il oktyabrın 19-da keçirilmiş əlavə seçkilərin yekunlarının yoxlanılması və təsdiqi üçün 24 saylı Nizami birinci, 29 saylı Səbail və 101 saylı Xanlar-Daşkəsən seçki dairələri dairə seçki komissiyalarının yekun protokollarının onlara əlavə edilmiş sənədlərlə birlikdə Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinə təqdim olunması barədə məsələ müzakirəyə çıxarılmışdır. Bu məsələ barədə MSK-nın katibi Natiq Məmmədov məlumat vermişdir. Seçkilərin ümumilikdə qanunauyğun şəkildə keçirildiyi bildirilmiş, yalnız bir neçə seçki məntəqəsində qanun pozuntularına yol verildiyi qeyd edilmişdir. 24 saylı Nizami birinci seçki dairəsinin 2, 20, 21 və 26 saylı seçki məntəqələrində, 29 saylı Səbail seçki dairəsinin isə 2 ,4, 8 və 20 saylı seçki məntəqələrində Azərbaycan Respublikası Seçki Məcəlləsinin tələbləri pozulmuş və buna görə də Mərkəzi Seçki Komissiyası həmin məntəqələrdə səsvermənin nəticələrinin etibarsız hesab edilməsi barədə qərar çıxarmışdır. Bu seçki məntəqələrindən 29 saylı Səbail seçki dairəsinin ərazisində yerləşən 2 saylı seçki məntəqəsində seçicilərin seçkidə iştirak hüququ pozulduğundan həmin seçki məntəqəsi məntəqə seçki komissiyasının tərkibinin buraxılması haqqında qərar qəbul edilmişdir.
MSK, həmçinin qərara almışdır ki, 24 saylı Nizami birinci və 29 saylı Səbail seçki dairələri dairə seçki komissiyaları sədrlərinin öz vəzifələrinə uyğun gəlmədikləri müəyyən edildiyindən, Azərbaycan Respublikası Seçki Məcəlləsinin 25.2.22-ci maddəsinə əsasən müvafiq komissiyalar tərəfindən həmin məsələyə münasibət bildirilsin.
Müzakirələr zamanı qeyd olunmuşdur ki, sözügedən seçki məntəqələrində səsvermənin nəticələrinin etibarsız hesab edilməsi səsvermənin ümumi nəticələrinə ciddi təsir göstərmir. Komissiya Azərbaycan Respublikasının Milli Məclisinə 2004-cü il oktyabrın 19-da keçirilmiş əlavə seçkilərin yekunlarının yoxlanılması və təsdiqi üçün 24 saylı Nizami birinci, 29 saylı Səbail və 101 saylı Xanlar-Daşkəsən seçki dairələri dairə seçki komissiyalarının yekun protokollarının onlara əlavə edilmiş sənədlərlə birlikdə Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinə təqdim olunması barədə qərar qəbul etmişdir.
İclasda Seçki Sistemləri üzrə Beynəlxalq Fondun təmsilçiləri və yerli kütləvi informasiya vasitələrinin nümayəndələri iştirak etmişlər.
Mərkəzi Seçki Komissiyasının
mətbuat xidməti