AZƏRBAYCAN RESPUBLİKASININ NATO İLƏ ƏMƏKDAŞLIQ ÜZRƏ KOMİSSİYASININ İCLASI
Noyabrın 5-də Nazirlər Kabinetində Azərbaycan Respublikasının NATO ilə Əməkdaşlığı üzrə Komissiyasının ölkəmizdə rəsmi səfərdə olan NATO-nun baş katibi Yaap de Hoop Sxefferin iştirakı ilə iclası keçirilmişdir.
Komissiyanın sədri, Baş nazirin birinci müavini Yaqub Eyyubov NATO-nun baş katibini və onun rəhbərlik etdiyi nümayəndə heyətini salamlayaraq dedi ki, belə görüş keçirməyimiz bu beynəlxalq təşkilatla əməkdaşlığa hökumət səviyyəsində münasibəti göstərir.
O bildirdi ki, bu ilin may ayında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Brüsselə səfəri və Fərdi tərəfdaşlıq üzrə əməliyyat planının NATO-ya təqdim olunması ölkəmizin bu qurumla əməkdaşlığında yeni mərhələnin başlanğıcını qoymuşdur. NATO nümayəndə heyətinin Azərbaycana səfəri ölkəmizin Avratlantika strukturlarına inteqrasiyası və NATO ilə real əməkdaşlığın inkişafı baxımından böyük əhəmiyyət kəsb edir. Bu inteqrasiya Azərbaycanın xarici siyasətinin əsas istiqamətlərindən biridir.
Cənab Yaap de Hoop Sxeffer belə yüksək səviyyədə görüşü özü və başçılıq etdiyi nümayəndə heyəti üçün şərəf hesab etdiyini bildirərək, Fərdi tərəfdaşlıq üzrə əməliyyat planı əsasında Azərbaycanın NATO ilə apardığı dialoqu yüksək qiymətləndirdiyini vurğuladı. O, NATO-nun bu ilin iyun ayında İstanbul sammitində qəbul edilmiş qərarlarının buna zəmin yaratdığını bildirərək dedi ki, həmin qərarlar bilavasitə Qafqaz və Mərkəzi Asiya ölkələri ilə bağlıdır. Özünün regiona səfərinin də İstanbul sammiti qərarlarının tətbiqi ilə bağlı olduğunu söyləyən cənab Sxeffer gələcəkdə NATO ilə Azərbaycan arasında əməkdaşlığın möhkəmlənəcəyinə ümid etdiyini söylədi. O, həmçinin dedi ki, NATO ilə hansı səviyyədə əməkdaşlıq etmək hər bir ölkənin, o cümlədən Azərbaycan Respublikasının suveren hüququdur.
Sonra iclasda xarici işlər naziri Elmar Məmmədyarov, müdafiə naziri Səfər Əbiyev, milli təhlükəsizlik naziri Eldar Mahmudov, Dövlət Sərhəd Xidmətinin rəisi Elçin Quliyev, Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti Mahmud Kərimov, ekologiya və təbii sərvətlər naziri Hüseynqulu Bağırov çıxış etdilər.
İclasa yekun vuran Komissiyanın sədri Yaqub Eyyubov konkret təkliflərə göstərdiyi konstruktiv münasibətə görə NATO-nun baş katibinə təşəkkürünü bildirdi. O, ümidvar olduğunu vurğuladı ki, hər iki tərəf əldə edilmiş ilkin razılaşmaların və təkliflərin yerinə yetirilməsini izləyəcək və bu, konkret nəticələr verəcəkdir.