AZƏRBAYCAN RESPUBLİKASININ PREZİDENTİ ZATİ–ALİLƏRİ CƏNAB İLHAM ƏLİYEVƏ
Şöhrətli atanızın, müstəqil Azərbaycan Respublikasının qurucusu Zati–aliləri Heydər Əliyevin vəfatı ilə əlaqədar duyduğum dərin kədəri və ağrını ifadə edirəm. Bu əvəzsiz itki ilə bağlı Sizin qəm və kədərinizə tamamilə şərik olaraq, mərhəmətli Allaha dua edirəm ki, bu ağır itkiyə mətanətlə dözmək üçün Sizə və əziz adamını itirmiş ailənizin digər üzvlərinə səbir versin. Qoy, mərhəmətli Allah onun ruhunu şad etsin. Amin.
Atanızın ötən on ildə xalqınıza və respublikanıza rəhbərlik sahəsində xidməti həm ölkənizdə, həm də onun hüdudlarından kənarda ehtiramla xatırlanacaqdır. Mərhum Prezident Azərbaycana sədaqətlə və məsuliyyətlə xidmət etdi. Mən bilirəm ki, Azərbaycan Respublikasının sosial-iqtisadi sahədə əldə etdiyi nəhəng tərəqqi və müvəffəqiyyətlər onun səmərəli rəhbərliyi nəticəsində mümkün olmuşdur. O, hər zaman Pakistan ilə Azərbaycan arasında dərin qardaşlıq əlaqələrinin qurucusu kimi yad olunacaq və mən inanıram ki, Siz Zati–aliləri rəhmətlik atanızın addımlarını davam etdirəcəksiniz.
Pakistan və Azərbaycan xalqları müştərək mədəniyyətə və taleyə malikdir. Ümidvaram ki, Sizin rəhbərliyinizlə Azərbaycan və Pakistan xalqları arasında əlaqələr birgə mənafeyimiz naminə bundan sonra da inkişaf edərək möhkəmlənəcəkdir.
Zati-aliləri, Sizə dərin ehtiramım barəsində zəmanətimi qəbul etməyinizi xahiş edirəm.
Səmimiyyətlə,
Çaudri Şücaət Hüseyn
Pakistan Müsəlman Liqasının sədri, parlamentdə
Partiya fraksiyasının lideri.