AZƏRBAYCAN RESPUBLİKASININ PREZİDENTİ ZATİ–ALİLƏRİ CƏNAB İLHAM ƏLİYEVƏ
“Fondel Metal Participations B.V.” şirkətinin Direktorlar Şurası və çoxminli kollektivi bizim hamımız üçün ağır olan bu günlərdə Sizə və bütün Azərbaycan xalqına əvəzsiz itki - Prezident Heydər Əliyevin vəfatı ilə əlaqədər dərin hüznlə başsağlığı veririk.
Heydər Əliyev xoşbəxt insan idi. Bir insan ömrü ərzində bu qədər iş görmək hər adama nəsib olmur. Heydər Əliyev özünün heç də sadə olmayan ömrünü xalqının ləyaqətli oğlu kimi başlamış, şərəfli həyat sürmüş, həyatını xalqının layiqli Atası kimi başa vurmuşdur.
Onu Hollandiyada yaxşı tanıyırdılar. Məhz onun apardığı müdrik və məqsədyönlü siyasət nəticəsində bütün dünya Sizin gözəl ölkəni - Azərbaycanı da tanımışdır.
Onun hərtərəfli ölçülüb–biçilmiş daxili siyasəti nəticəsində Azərbaycan dünyanın investisiya və energetika mərkəzlərindən birinə çevrilmişdir.
Belə bir kəlam var: insan öz ömrü boyu ağac əkməli, ev tikməli və oğul böyütməlidir. Heydər Əliyev bu işlərin hamısını görmüşdür!
Heydər Əliyev öz ömrü boyu Çiçəklənən Azərbaycan adlı bir bağ salmışdır.
Heydər Əliyev öz ömrü boyu adı Müstəqil Azərbaycan olan bir ev qurmuşdur.
Heydər Əliyev öz ömrü boyu, onun şərəfli və məsuliyyətli işini bu gün davam etdirən, Azərbaycan xalqının öz gələcəyini etibar etdiyi ləyaqətli bir oğul böyütmüşdür.
Cənab Prezident, Heydər Əliyevi itirən yalnız Azərbaycan xalqı və yalnız Siz deyilsiniz! Bu itki bütün bəşəriyyətin itkisidir. Çünki Heydər Əliyev dünya miqyaslı siyasətçi idi və indiki mürəkkəb zəmanədə dünyanın məhz Heydər Əliyev kimi şəxsiyyətlərə ehtiyacı var və həmişə olacaqdır!
Təskinlik verən bir amil var. Cənab Prezident, biz əminik ki, Atanızın görməyə macal tapmadığı işləri Siz Azərbaycan xalqı ilə birgə başa çatdıracaqsınız! Bu isə onun nurlu xatirəsinə ən layiqli abidə olacaqdır!
Ehtiramla,
Villem Van`t Vout
“Fondel Metal Participations”
Şirkəti Direktorlar Şurasının sədri
Rotterdam, 13 dekabr 2003-cü il.