AZƏRBAYCAN RESPUBLİKASININ PREZİDENTİ ZATİ–ALİLƏRİ CƏNAB İLHAM ƏLİYEVƏ
Sizə, ailənizə və bütün Azərbaycan xalqına üz vermiş ağır itki barədə xəbər məni və yaxınlarımı qəlbimizin dərinliklərinədək sarsıtdı. Bu qəmli bir gündə bütün Azərbaycan xalqı ilə birlikdə baş əyir və kədərlənirik.
Dünya miqyaslı dövlət xadimi, Azərbaycanın dövlət müstəqilliyinin əsasını qoymuş, öz Vətənini inkişaf və tərəqqi yoluna istiqamətləndirmiş milli lider Heydər Əlirza oğlu Əliyevin vəfatı ilə əlaqədar ürəkdən kədərlənirəm.
Heydər Əliyev bizim yaddaşımızda Azərbaycan xalqının ləyaqətli, bütün həyatını ölkəsinin inkişafına həsr etmiş oğlu kimi qalacaqdır. Son on ildə Azərbaycandakı demokratik dəyişikliklər məhz onun adı ilə bağlıdır və o, haqlı olaraq, müasir Azərbaycanın memarı hesab edilir.
Xalqın dahi oğlu Heydər Əliyevin dünyasını dəyişməsi təkcə Azərbaycan üçün ağır itki deyildir. Heydər Əliyev dünya miqyasında tanınmış bir şəxsiyyətdir. Azərbaycan dövlətçiliyinin qurulmasında onun rolu və xidmətləri əvəzsizdir. Heydər Əliyevin yaratdığı ictimai-siyasi sabitlik, sosial bərabərlik və demokratik dövlətçilik respublikanın iqtisadi cəhətdən qüdrətlənməsi üçün zəmin olmuşdur.
Hörmətli cənab Prezident!
İcazə verin, Azərbaycan xalqı üçün belə ağır bir gündə Sizə və Sizin simanızda ailə üzvlərinizə, yaxınlarınıza və Azərbaycan xalqına dərin hüznlə başsağlığı verim. Bu matəm günlərində mən Azərbaycan xalqının qəminə və kədərinə şərik oluram.
Allah rəhmət eləsin!
Hörmətlə,
Şənər Gödəkli
“Estella Menecment” şirkətinin prezidenti
Berlin, 22 dekabr 2003-cü il.