AZƏRBAYCAN RESPUBLİKASININ PREZİDENTİİLHAM ƏLİYEV İLƏ UKRAYNANIN PREZİDENTİ LEONİD KUÇMA ARASINDA TELEFON DANIŞIĞI OLMUŞDUR
Telefon danışığı zamanı Leonid Kuçma və İlham Əliyev ölkələrimiz arasında ikitərəfli dostluq və əməkdaşlıq münasibətlərinin indiki vəziyyətini müzakirə etmişlər. Daim inkişafda olan bu əlaqələrin səviyyəsi prezidentlər tərəfindən yüksək qiymətləndirilmiş və onların gələcək perspektivləri haqqında fikir mübadiləsi aparılmışdır.
Ölkələrimizin tarixi dostluq əlaqələrinin bütün sahələrdə vüsətlə inkişaf edərək, strateji tərəfdaşlığa çevrilməsi və bu münasibətlərin indiki səviyyəyə yüksəlməsində xalqımızın ümummilli lideri Prezident Heydər Əliyevin əvəzsiz xidmətlərinin olduğu vurğulanmışdır. Eyni zamanda, ölkələrimiz arasında siyasi, iqtisadi, mədəni və digər sahələrdə əlaqələrin bundan sonra da möhkəmlənəcəyi dövlət başçıları tərəfindən əminliklə qeyd edilmişdir.
Söhbət zamanı Leonid Kuçma İlham Əliyevi Ukraynaya rəsmi səfərə dəvət etmişdir. Dəvət məmnunluqla qəbul olunmuşdur.
Sonda Prezident İlham Əliyev Ukrayna Prezidenti Leonid Kuçmaya telefon zənginə görə minnətdarlığını bildirmiş, Ukrayna xalqına daim əmin-amanlıq və tərəqqi arzulamışdır.
Azərbaycan Respublikası Prezidentinin
mətbuat xidməti