Azərbaycan səfiri Praqada keçirilən konfransda səslənən islamofob xarakterli fikirlərə etiraz edib
Praqa, 19 may, AZƏRTAC
Çexiya parlamenti Deputatlar Palatasının xarici işlər komitəsinin himayəsi ilə Praqada “Biz İslamdan qorxmalıyıqmı?” adlı konfrans təşkil edilib. İslam Əməkdaşlıq Təşkilatına üzv olan bir sıra ölkələrin səfirlərinin iştirak etdikləri tədbirə Azərbaycanın Çexiyadakı səfiri Fərid Şəfiyev İƏT Praqa qrupu kvartetinin üzvü qismində qatılıb.
Konfransın keçirilməsində məqsəd Avropada müsəlman icmalarının problemlərinin müzakirəsi və həlli yollarının tapılması ideyası olsa da, bəzi iştirakçılar islamofob xarakterli çıxışlar ediblər.
Nifrət dolu və ksenofobiya xarakterli fikirlərə cavab olaraq, Azərbaycanın və Türkiyənin Çexiyadakı səfirləri konfransda etiraz çıxışları ediblər. Səfir Fərid Şəfiyev söz azadlığı ilə bir araya sığmayan, nifrətə əsaslanan çıxışların səsləndirilməsinə yol verdiklərinə görə konfransın təşkilatçılarını və iştirakçılarını tənqid edib. O, xüsusilə İslam adından törədilən terror aktlarının bu dinlə eyniləşdirilməsinin yanlış olduğunu qeyd edib. Diplomat tədbir iştirakçılarının diqqətini erməni təşkilatlarına və ya qruplaşmalarına məxsus terrorçuların Türkiyədə və Azərbaycanda törətdikləri terror aktlarına cəlb edib.
Pərvanə Qarayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Praqa